Vulkan püskürdü, Cakartanın əsas hava limanı bağlandı: 170 min sərnişin yolda qaldı

Vulkan püskürdü, Cakartanın əsas hava limanı bağlandı: 170 min sərnişin yolda qaldı
07.09.2026 08:51 Dünya

İndoneziyada Anak Krakatau vulkanının aktivləşməsi hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

TodayPress TV xəbər verir ki, vulkanın püskürməsi səbəbindən Cakartanın əsas beynəlxalq və daha üç hava limanı uçuşları dayandırıb.

Nəticədə on minlərlə sərnişin hava limanlarında qalıb.

İndoneziya rəsmilərinin məlumatına görə, ölkənin səkkiz hava limanında ümumilikdə 1 558 reys gecikib, təxminən 170 min sərnişin isə uçuşların dayandırılmasından zərər çəkib. 900-dən çox reys Cakartanın beynəlxalq hava limanına gəliş və oradan uçuşlarla bağlı olub.

“Anak Krakatau” — yəni “Krakatau uşağı” vulkanı şənbə günü püskürüb. Püskürmə zamanı lava axını müşahidə edilib, partlayış səsləri isə yüzlərlə kilometr uzaqdan eşidilib. Bazar günü də yeni püskürmələrin baş verdiyi açıqlanıb.

Vulkanologiya agentliyi yeni püskürmə ehtimalının yüksək olaraq qaldığını bildirib. Mütəxəssislər əsas təhlükənin közərmiş süxurların havaya atılması, kül buludlarının yayılması və lava axınlarının yaranması olduğunu qeyd edirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər