Britaniyada "Darknet" skandalı - Siyasətçi və hərbçilərin məlumatları sızdırıldı
Britaniyanın üç hava limanını idarə edən şirkətə kiberhücum həyata keçirən hakerlər siyasətçilər, hakimlər, məşhurlar, müdafiə sektoru əməkdaşları və hərbçilərin şəxsi məlumatlarını “darknet”də yayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Qəzetin məlumatına görə, hakerlər, həmçinin Britaniyanın Daxili İşlər Nazirliyi əməkdaşının planlaşdırılan səfərləri ilə bağlı məxfi məlumatları da dərc ediblər.
Bundan əlavə, parlament əməkdaşlarının, Daxili İşlər Nazirliyi işçilərinin, İngiltərə Bankı əməkdaşlarının və hərbçilərin səfərləri barədə məlumatlar açıq yayıma çıxarılıb.
Xatırladaq ki, daha əvvəl “The Guardian” Mançester, Şərqi Midlend və Londonun Stansted hava limanlarının kiberhücuma məruz qaldığını bildirib. Həmin vaxt hakerlərin təxminən 8,7 milyon müştərinin məlumatlarına çıxış əldə etdiyi qeyd edilmişdi.
Aysel Mətləb