Üç ölkə Arktikada birləşdi, böyük hərbi təlim keçirildi
Britaniya, ABŞ və Norveç Arktikada yerləşən Yan-Mayen adasında birgə hərbi təlim keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, üç ölkənin hərbi-dəniz və hərbi-hava qüvvələri, həmçinin xüsusi təyinatlı və dəniz piyadaları bölmələri avqustun 26-dan sentyabrın 4-dək adaya yerləşdirilib. “Atlantic City” adlandırılan əməliyyat NATO-nun “Arktik Mühafizəçi” proqramının bir hissəsi olub.
Təlim zamanı hərbçilər Şimal qütbünə yaxın sərt şəraitdə fəaliyyətləri əlaqələndirmək üçün müxtəlif sensor və rabitə sistemlərini birləşdiriblər.
Britaniyanın Müdafiə Nazirliyi təlimlərin alyans qüvvələrinin çətin Arktika şəraitində fəaliyyət göstərmək imkanlarının yoxlanılması məqsədi daşıdığını bildirib. Britaniyanın müdafiə naziri Ues Stritinq əməliyyatın Norveç və ABŞ ilə tərəfdaşlığın möhkəmliyini, həmçinin hərbçilərin ən çətin şəraitdə belə birgə fəaliyyət göstərə bildiyini nümayiş etdirdiyini deyib.
Aysel Mətləb