İrandan xəbərdarlıq alan neft və qaz tankerləri GERİ ÇƏKİLDİ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindən xəbərdarlıq aldıqdan sonra cənub marşrutu ilə Hörmüz boğazından keçməyə çalışan, ikisi neft tankeri və biri durulaşdırılmış təbii qaz (LNG) daşıyıcısı olmaqla üç gəmi kursunu dəyişərək geriyə dönüb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Son dəniz izləmə məlumatlarına istinadən, "Fars" xəbər agentliyi gəmilərin Marşall Adalarının bayrağı altında üzən "Velos Amber" neft tankeri, Liberiya bayraqlı "BRAVO" neft tankeri və Qətərə məxsus, Marşall Adalarının bayrağı altında üzən "AL SHEEHANIYA" LNG tankeri olduğunu bildirib.
Məlumatda əlavə edilib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri hər üç tankerə boğazdakı cənub marşrutunun bağlı olduğu barədə xəbərdarlıq edib.
Bu hadisə İran və Birləşmiş Ştatlar arasında baş verən bir sıra dəniz qarşıdurmaları fonunda yaşanıb.
Qeyd edək ki, sentyabrın 5-i ABŞ Mərkəzi Komandanlığı SEPAH-ın regional sularda patrul xidməti həyata keçirən iki ABŞ Hərbi Dəniz Qüvvələri gəmisinə doğru ballistik raketlər buraxmasından sonra qüvvələrin İranın üç xam neft daşıyıcısına zərbə endirdiyini bəyan edib.
Daha sonra SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-nin zərbələrini təsdiqləyərək, cavab tədbiri olaraq Hörmüz boğazında üç neft tankerini və başqa ərazilərdə ABŞ ilə əlaqəli üç gəmini hədəf aldığını qeyd edib.
Aysel Mətləb