Dənizin udduğu şəhərin sirri üzə çıxdı
Britaniyanın Norfolk qraflığı sahillərində əsrlər əvvəl Şimal dənizinin suları altında qalan orta əsr yaşayış məntəqəsi Şipdenin izləri araşdırılır. Tarixi mənbələrdə adı keçən kəndin güclü fırtınalar, daşqınlar və sahil eroziyası nəticəsində XIV əsrdə dənizin altında qaldığı ehtimal edilir.
TodayPress TV xəbər verir ki, hazırda dalğıclar Kromer şəhərindən təxminən 400 metr aralıda dənizin dibini araşdırırlar. Könüllülər burada insan əli ilə yaradıldığı ehtimal olunan 25 obyekti aşkar edərək onların xəritəsini hazırlayıblar. Lakin axtarışların əsas məqsədlərindən biri olan Müqəddəs Pyotr kilsəsinin izləri hələ də dəqiq müəyyən edilməyib.
Şimali Norfolk dairəsinin məlumatına görə, Şipden vaxtilə Norfolk sahilində yerləşən və sonradan dəniz tərəfindən udulan unudulmuş yaşayış məntəqəsi olub. Bəzi tədqiqatçılar onu Kromer yaxınlığındakı “yerli Atlantida” ilə müqayisə edirlər.
1086-cı ildə tərtib edilmiş “Qiyamət kitabı”nda Şipdendə 117 nəfərin yaşadığı, üç akr çəmənlik, 36 donuz, liman, bir neçə mülk və iki kilsənin olduğu qeyd edilir.
Tarixi məlumatlara əsasən, Şipden iki hissədən ibarət olub. Müqəddəs Pyotr kilsəsi dənizə yaxın Şipden-juxta-Mare ərazisinə xidmət edib. Digər yaşayış məntəqəsi isə indiki Kromerin yerləşdiyi ərazidə olub.
Dənizin yaratdığı eroziya nəticəsində Müqəddəs Pyotr kilsəsi 1317-ci ildə ciddi zərər görüb. Təxminən 1400-cü ilə qədər isə kilsənin böyük hissəsinin su altında qaldığı bildirilir. Ərazidə yalnız bəzi daş tikinti qalıqları görünürdü.
Kromer sakinləri uzun illər ərzində dənizin dibindəki “Church Rock” adlandırılan qayanın Müqəddəs Pyotr kilsəsinin qülləsi olduğuna inanıb. Yerli əfsanəyə görə, hətta dalğaların altında kilsənin zənglərinin səsini eşitmək mümkün olub.
Lakin yeni araşdırmalar bu əfsanənin doğru olmaya biləcəyini göstərir. Tədqiqatçılar kilsənin ehtimal edilən yerdən daha şimal-qərbdə yerləşə biləcəyini düşünürlər. Bu halda “Church Rock” adlandırılan qaya kilsənin qalıqları olmaya bilər.
Tədqiqat layihəsinin rəhbərlərindən biri Piter Stibbons bildirib ki, Kromerdə böyüyən insanlar “Church Rock” əfsanəsini həmişə biliblər. Onun sözlərinə görə, indi bu əfsanənin səhv ola biləcəyini qəbul etmək çətindir. Hazırda mütəxəssislər orta əsr sənədlərini dənizin dibində aşkar edilən tapıntılarla müqayisə edir və hələlik yalnız ehtimallar irəli sürürlər.
Tarixi məlumatlarda 1380-ci ildə dəniz səviyyəsinin yüksək həddə çatdığı qeyd olunur. Güclü fırtınalar, daşqınlar və sahil eroziyası nəticəsində ərazidəki tikililər tədricən su altında qalıb.
Şipdenin tarixini daha da mürəkkəbləşdirən hadisə isə 1888-ci ildə baş verib. “Victoria” adlı buxar yedək gəmisi Kromerə səfəri zamanı sualtı maneəyə çırpılaraq oturub. Sərnişinlərin hamısı xilas edilsə də, sonradan həmin maneə partlayıcı maddələrlə məhv edilib.
Tədqiqatçılar ehtimal edirlər ki, dalğıcların bu gün dənizin dibində tapdığı daş qalıqlarının bir hissəsi məhz həmin partlayış nəticəsində dağılmış ola bilər. Bu hadisə yerli əhali arasında kilsənin həmin ərazidə yerləşdiyi barədə təsəvvürün yaranmasına da təsir göstərmiş ola bilər.
Hazırda mütəxəssislər həm sahil xəttinin əsrlər ərzində necə dəyişdiyini, həm də Şipdenin su altında qalan hissələrinin izlərini araşdırırlar. Ərazidə aşkarlanan daş divarlardan biri isə vaxtilə taxıl və taxta ticarəti ilə məşğul olan yaşayış məntəqəsinin sahil müdafiə sisteminin bir hissəsi ola bilər.
Şipdenin bütün sirrlərinin açılması üçün isə dənizin dibində yeni araşdırmaların aparılması və tapıntıların tarixi sənədlərlə müqayisə edilməsi tələb olunur.
Kübra Musayeva