İnqilab baş verdi, insan beyninin kopyası tapıldı: BU HEYVANDA...

İnqilab baş verdi, insan beyninin kopyası tapıldı: BU HEYVANDA...
22.09.2026 16:09 Maraqlı

ABŞ-də Corciya Universiteti və Corciya Texnologiya İnstitutunun alimləri donuz beyninin quruluş və funksiyalarına görə insan beyninə təəccüblü dərəcədə oxşar olduğunu müəyyənləşdiriblər.

TodayPress TV xəbər verir ki, “Nature Communications Biology” jurnalında dərc olunan araşdırmanın nəticələri bu heyvanların neyrodegenerativ xəstəliklərin öyrənilməsi və yeni dərmanların sınaqdan keçirilməsi üçün ideal bioloji model ola biləcəyini göstərir.

Mütəxəssislər 42 donuz və 100 insanın funksional və diffuziya maqnit-rezonans tomoqrafiyası məlumatlarını müqayisə ediblər. Məlum olub ki, hər iki növdə eyni əsas neyron şəbəkələri – görmə, sensorimotor, frontal, eşitmə və beynin passiv fəaliyyət şəbəkələri mövcuddur.

Ağ maddənin təhlili struktur əlaqələrdə 85 faizlik oxşarlıq olduğunu göstərib. Əsas sinir yollarının həndəsəsinin də insanlarda və donuzlarda demək olar ki, eyni olduğu müəyyənləşdirilib.

Tədqiqat müəllifləri qeyd ediblər ki, donuz beyninin quruluşu həm neyron şəbəkələrinin məkan üzrə paylanması, həm də aktivliyin zamanla dəyişməsi baxımından insan beyninin quruluşunu təkrarlayır. Bu isə heyvanların informasiyanı insana bənzər prinsiplərlə emal etdiyini göstərir.

İnsan beynində sinir liflərinin sıxlığı daha yüksək olsa da, keçirici yolların əsas topoqrafiyasının növlər arasında qorunduğu müəyyən edilib.

Tarixən neyrobioloji tədqiqatlarda əsasən gəmiricilərdən istifadə olunub. Lakin onların hamar beyni ölçü və şəbəkə quruluşuna görə insan beynindən əhəmiyyətli dərəcədə fərqlənir. Primatlar anatomik baxımdan insana daha yaxın olsa da, onlar üzərində aparılan təcrübələr ciddi etik məhdudiyyətlərlə və böyük maliyyə xərcləri ilə müşayiət olunur.

Donuzlarda isə qıvrımlı beyin qabığı, insanlarla müqayisə oluna bilən kəllə həcmi və oxşar metabolik proseslər mövcuddur.

Bu anatomik xüsusiyyətlər cütbarmaqlı heyvanları kəllə-beyin travmalarının, həmçinin Alzheimer, Hantinqton və Parkinson xəstəliklərinin modelləşdirilməsi üçün perspektivli obyektə çevirir.

Alimlərin fikrincə, yeni məlumatlar tədqiqatçıların daha iri heyvan modellərinə diqqət yetirməsinə səbəb ola bilər.

Gələcəkdə mütəxəssislər cütbarmaqlı heyvanların beyninin yaş artdıqca necə inkişaf etdiyini araşdırmağı planlaşdırırlar. Bunun uşaqlıq dövründə baş verən travmaların və insanlarda neyrodegenerativ proseslərin mexanizmlərinin daha yaxşı başa düşülməsinə kömək edəcəyi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər