Buzların yerində meşələr vardı: Antarktidanın inanılmaz keçmişi üzə çıxdı
Antarktida milyonlarla il əvvəl indiki kimi buzla örtülü olmayıb.
TodayPress TV xəbər verir ki, alimlərin araşdırmasına görə, təxminən 90 milyon il əvvəl qitənin ərazisində sıx meşələr olub və burada vaxtaşırı meşə yanğınları baş verib.
Bremmerhafendəki Alfred Vegener İnstitutunun alimləri Yer kürəsində indiyədək qeydə alınmış ən cənub meşə yanğınlarına dair sübutlar əldə ediblər. Yanğınların Təbaşir dövrünün sonlarında, təxminən 90 milyon il əvvəl baş verdiyi müəyyənləşdirilib.
Tədqiqatçılar 2020-ci ildə Qərbi Antarktida ərazisində yerləşən Amundsen dənizindən götürülmüş çöküntü nümunəsində qədim meşənin izlərini aşkarlayıblar. Nümunədə yaxşı qorunmuş meşə torpağı, çoxlu sayda polen və spor, eləcə də sıx kök şəbəkəsi müəyyən edilib.
Son araşdırma zamanı alimlər qədim meşə yanğınlarının izlərinə də rast gəliblər. Bunun əsas sübutları arasında kömür, kəhrəba və torf mamırının qalıqları yer alıb.
Alimlərin fikrincə, 90 milyon il əvvəl Antarktida Avstraliya ilə birləşmiş vəziyyətdə olub və bölgədə orta temperatur təxminən 12 dərəcə Selsi təşkil edib. Ərazidə həm quraq dövrlər, həm də güclü yağış və ildırımlarla müşayiət olunan mussonlar müşahidə olunub. Ildırımın isə meşə yanğınlarının yaranmasına səbəb ola biləcəyi ehtimal edilir.
Kübra Musayeva