Apennin dağlarında qəribə proses: Yer qabığı “fermuar kimi” açılır
İtaliyadakı Apennin dağlarının formalaşması ilə bağlı yeni elmi araşdırma aparılıb.
TodayPress TV xəbər verir ki, Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkəti və Yer qabığının quruluşu ilə bağlı məlumatları təhlil edərək dağ silsiləsində gedən geoloji prosesə dair yeni nəticələr əldə ediblər.
Tədqiqatçılar hesab edirlər ki, Apenninlərin formalaşmasında Yer qabığının aşağı hissəsinin yuxarı təbəqədən ayrılması, yəni delaminasiya prosesi mühüm rol oynayır.
Apenninlər Avrasiya və Adriatik tektonik plitələrinin milyonlarla il davam edən hərəkəti nəticəsində formalaşıb. Dağ silsiləsinin bəzi hissələrində Yer qabığı sıxılır, digər hissələrində isə genişlənir. Bu xüsusiyyət uzun müddət alimlərin diqqətini cəlb edib.
Yeni araşdırmaya görə, proses dağların bütün uzunluğu boyunca eyni şəkildə getmir. Təxminən 500 kilometrlik ərazidə Yer qabığının hərəkətləri fərqli istiqamətlərdə baş verir. Apenninlərin Tirren dənizi tərəfində Yer qabığı ildə təxminən 4 millimetr genişlənir, Adriatik dənizi istiqamətində isə təxminən 2 millimetr sıxılır.
Alimlər bildirirlər ki, bu proses təxminən 10 milyon il əvvəl başlayıb və bölgənin geoloji quruluşunun formalaşmasına təsir göstərib.
Araşdırmanın nəticələri Apenninlərdə baş verən tektonik proseslərin daha yaxşı anlaşılmasına və İtaliyanın seysmik risklərinin öyrənilməsinə kömək edə bilər.
Kübra Musayeva