Tramp “özününküləri” də itirir: Rekord düşüş
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənənlərin göstəricisi 32 faizə düşüb. Bu, onun siyasi karyerası ərzində qeydə alınan ən aşağı nəticədir.
TodayPress TV xəbər verir ki, “Reuters/Ipsos”un keçirdiyi sorğuya əsasən, göstəricinin azalmasında amerikalıların həyat bahalılığı və İran müharibəsindən narazılığı əsas amillərdən olub.
Sorğuda Trampı dəstəkləyən respublikaçıların payı da bir həftə ərzində 82 faizdən 73 faizə enib. Ümumi bəyənmə göstəricisi isə əvvəlki həftədəki 35 faizdən 32 faizə düşüb.
Respondentlərin yalnız 17 faizi Trampın yaşayış xərclərinin bahalaşması ilə bağlı fəaliyyətini bəyənib. Sorğu iştirakçıları bu məsələni noyabrın 3-də keçiriləcək aralıq seçkilər öncəsi əsas problemlərdən biri kimi göstəriblər.
İlk dəfə respublikaçılar arasında Trampın yaşayış xərcləri ilə bağlı fəaliyyətini bəyənməyənlərin sayı onu dəstəkləyənləri keçib. Bu göstəricilər müvafiq olaraq 51 və 44 faiz təşkil edib.
Sorğuya görə, amerikalıların yalnız 24 faizi Trampın İranla bağlı fəaliyyətini dəstəkləyib. İranla müharibənin başlamasından sonra benzin və dizel yanacağının qiymətlərinin kəskin artması da narazılığın əsas səbəblərindən biri kimi göstərilib.
Kübra Musayeva