ABŞ qanunsuz aparılmış 15 qədim artefaktı Yunanıstana qaytardı
ABŞ Yunanıstandan əvvəlki illərdə qanunsuz yollarla çıxarılmış 15 qədim artefaktı ölkəyə qaytarıb.
TodayPress TV xəbər verir ki, bu barədə Yunanıstanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qədim əşyaların Yunanıstanın mədəniyyət naziri Lina Mendoniyə təhvil verilməsi Nyu-Yorkun Manhetten dairəsinin prokurorluğunda keçirilən mərasim zamanı baş tutub. Tədbirdə ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Ketrin Dillon və Yunanıstanın Nyu-Yorkdakı baş konsulu İfigeniya Kanari də iştirak edib.
Lina Mendoni bildirib ki, 2022-ci ildən etibarən Manhetten prokurorluğunun qərarı ilə Yunanıstana ümumilikdə 179 qədim əşya qaytarılıb.
Onun sözlərinə görə, bu dəfə qaytarılan bəzi artefaktların Krit adasındakı Heraklion Arxeologiya Muzeyində saxlanılan və eyni qazıntı sahələrindən tapılmış digər nümunələrlə birləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Manhetten dairəsinin baş prokuror müavini Metyu Boqdanos isə qeyd edib ki, Yunanıstana qaytarılan hər bir artefakt iki ölkə arasındakı dostluğun və qədim əşyaların qanunsuz dövriyyəsinə qarşı mübarizənin göstəricisidir.
Yunanıstan Mədəniyyət Nazirliyinin məlumatına görə, qaytarılan artefaktlar ölkənin tarixinin müxtəlif dövrlərini əhatə edir. Onların arasında e.ə. 2700–2600-cü illərə aid Kiklad mərmər qadın heykəlciyi, e.ə. 1750–1700-cü illərə aid dimdiyəbənzər burunlu gil qab, e.ə. VII–VI əsrlərə aid bürünc qolbaq, təxminən e.ə. 400-cü ilə aid mərmər qab, e.ə. 350–300-cü illərə aid bürünc güzgü diski və qrafin, həmçinin e.ə. 125–120-ci illərə aid amfora formalı amuletli qızıl boyunbağı var.
Aysel Mətləb