Məktəbli formasında qadağalar: “Dünyəviliyə zidd geyim” necə müəyyən ediləcək?

Məktəbli formasında qadağalar: “Dünyəviliyə zidd geyim” necə müəyyən ediləcək?
22.09.2026 17:12 Elm və Təhsil

Nazirlər Kabinetinin məktəblilərin geyim forması ilə bağlı yeni qərarına əsasən, təhsilin dünyəvilik prinsipinə zidd olan və vahid məktəb formasının tələblərini pozan geyim elementlərindən istifadəyə yol verilməyəcək.

Bəs yeni qərarın əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Razi Nurullayev məktəbli formasının mahiyyəti, dünyəvilik prinsipi və qaydaların tətbiqindəki məqamlara toxunaraq vacib mesajlar verib.


Deputat bildirib ki, vahid forma şagirdlər arasında sosial və maddi fərqlərin aradan qaldırılmasında əsas rol oynayır:

"Məktəbli forması məsələsinə yalnız geyim kimi yanaşmaq düzgün olmaz. Burada söhbət məktəbdə vahid mühitin, nizam-intizamın və şagirdlər arasında bərabərlik prinsipinin qorunmasından gedir. Düşünürəm ki, uşağın hansı ailədən gəlməsindən, valideynlərinin maddi imkanlarından, dini və ya etnik mənşəyindən asılı olmayaraq məktəbdə hər bir şagird özünü digərləri ilə bərabər hiss etməlidir. Vahid forma müəyyən mənada bu fərqlərin ön plana çıxmasının qarşısını alır. Uşaqların diqqəti geyimə, brendə və maddi imkanların nümayişinə deyil, təhsilə yönəlməlidir".

Millət vəkili Azərbaycan təhsil sisteminin dünyəvi xarakterinə diqqət çəkərək, geyim qaydalarının aydınlıq tələb etdiyini vurğulayıb:

"Digər tərəfdən, Azərbaycan təhsil sistemi dünyəvi xarakter daşıyır. Məktəb bütün uşaqlar üçün neytral və inklüziv məkan olmalıdır. Buna görə də məktəbli formasına dair müəyyən edilmiş qaydalara hamının eyni şəkildə əməl etməsi təbiidir. Amma burada da əsas şərt qaydaların aydın, konkret və ayrı-seçkiliyə yol verməyəcək şəkildə tətbiq edilməsidir. "Dünyəvilik prinsipinə uyğun olmayan geyim" məsələsində də konkretlik vacibdir. Hansı geyim elementlərinin bu anlayışa aid olduğu əvvəlcədən aydın izah edilməlidir ki, məktəb rəhbərliyinin və valideynlərin fərqli yozumları ortaya çıxmasın. Əslində isə, aşağı-yuxarı bu geyim formasının necə olduğunu hamımız bilirik. Geyim təbliğat, həsəd yaratma, diqqət yayındırıcı, ayrı-seçkilik yaradıcı alətə çevrilməməlidir".

Parlamentari sonda formanın həm də ailələrə böyük maliyyə yükü yaratmamalı olduğunu qeyd edib:

"Məncə, bundan sonrakı mərhələ məktəb mühitinin ümumi qaydalarını uşaqlara və valideynlərə düzgün izah etmək olacaq. Bununla bərabər, vahid məktəbli forması rahat, praktik, uşaqların yaş xüsusiyyətlərinə uyğun olmalı və ailələr üçün də əlavə maliyyə yükünə çevrilməməlidir. Nəticə etibarilə, məqsəd uşaqların fərdiliyini məhdudlaşdırmaq deyil, məktəbdə hamı üçün eyni qaydaların və bərabər mühitin formalaşdırılması olmalıdır. İnanıram ki, yeni qaydalar da bunu ehtiva edir", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər