Həftədə 2 saat bu hərəkət sümük toxumasını bərkidir
Sürətli yerimə və yüngül qaçış sümük mineral sıxlığını qorumaq üçün ən effektiv fiziki fəaliyyət növləri arasında yer alır.
TodayPress TV xəbər verir ki, Çin alimləri 40 yaşdan yuxarı 18 429 nəfərin məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “BMJ” (“British Medical Journal”) jurnalında dərc olunub.
Tədqiqatçılar əvvəlki 124 elmi işin nəticələrini araşdıraraq güc məşqləri, yerimə və yoqa da daxil olmaqla müxtəlif fiziki fəaliyyət növlərinin təsirini müqayisə ediblər. Alimlər həmçinin fiziki aktivliyin hansı səviyyəsinin sümük toxumasının mineral sıxlığında dəyişikliklərlə əlaqəli olduğunu qiymətləndiriblər. Bu göstərici sümüklərin möhkəmliyinin əsas meyarlarından biridir.
Ən nəzərəçarpan təsir sürətli yerimə və yüngül qaçış zamanı müşahidə olunub. Aerob və güc məşqlərinin birləşdirilməsi də sümüklərin vəziyyətinin yaxşılaşması ilə əlaqələndirilib, lakin bu təsir skeletin daha az hissəsində müşahidə olunub.
Alimlərin hesablamalarına görə, nəzərəçarpan dəyişikliklər həftədə təxminən 600 MET-dəqiqəlik fiziki yüklənmədən başlayır. Bu, həftə ərzində təxminən 2-3 saat sürətli yeriməyə və ya yüngül qaçışa bərabərdir.
Bununla belə, tədqiqat müəyyən fiziki aktivlik səviyyəsinin osteoporoz və ya sınıqların qarşısını mütləq aldığı qənaətinə gəlməyə imkan vermir.
“Ümumilikdə, planlı fiziki məşqlər bel fəqərələrində, bud sümüyünün boynunda və bud-çanaq oynağında yaşla əlaqədar sümük mineral sıxlığının azalmasının ləngiməsi ilə əlaqələndirilib. Bu təsir orta səviyyədə qiymətləndirilsə də, yaş artdıqca sümüklərin möhkəmliyinin qorunması baxımından potensial olaraq əhəmiyyətlidir”, – alimlər bildiriblər.
Tədqiqat həmçinin məşqlərin faydasının müxtəlif iştirakçı qruplarında fərqləndiyini göstərib. Daha nəzərəçarpan təsir orta yaşlı və bədən kütlə indeksi normal olan insanlarda müşahidə olunub.
Yaşlı insanlarda, həmçinin artıq çəkisi və ya piylənməsi olan iştirakçılarda isə fiziki məşqlərin təsiri daha zəif olub.
Qiymət Mahir