Madyar yaxasını kənara çəkdi: Ukraynaya bunu verməyəcəm!
Sentyabrın 20-də Ukraynanın “Naftoqaz” və Macarıstanın MOL şirkətləri “Karpat səkkizliyi” sammiti çərçivəsində ikitərəfli memorandum imzalayıblar. Sənəddə Ukrayna sərhədi yaxınlığında neft məhsulları anbarının tikintisi imkanlarının araşdırılması nəzərdə tutulur. Lakin bu addım Macarıstan hökumətinin kəskin etirazı ilə qarşılaşıb.
Sentyabrın 21-də parlamentdə çıxış edən Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, “Tisa” partiyasının rəhbərlik etdiyi indiki hökumət dövründə nə sərhəd zonasında, nə də ölkənin başqa bir ərazisində Ukrayna bazarı üçün yanacaq anbarı tikilməyəcək.
O, hökumətdən xəbərsiz aparılan danışıqları “tamamilə qəbuledilməz” adlandıraraq MOL rəhbəri Jolt Hernadidən izahat tələb edib. Söhbətdən sonra baş nazir bəyan edib ki, əsas səhmdarı dövlət olan MOL öz fəaliyyətində ölkə maraqlarını nəzərə almalıdır. Madyar həmçinin qeyd edib ki, Macarıstan Ukraynanın təşəbbüsü ilə yaradılan “Karpat səkkizliyi” birliyinə daxil olmaqdan imtina edib.
MOL tərəfi məsələyə münasibət bildirərək layihənin hələ ilkin mərhələdə olduğunu açıqlayıb. Şirkətdən bildirilib ki, danışıqlar hələ Viktor Orbanın hakimiyyəti dövründən Ukrayna və ABŞ tərəfləri ilə aparılmağa başlanıb. Layihənin texniki, maliyyə, ekoloji və təhlükəsizlik şərtlərinin qiymətləndirilməsi bir neçə il çəkə bilər. Danışıqlar barədə hökumətə məlumat verilməməsi də məhz prosesin hələ yalnız araşdırma mərhələsində olması ilə əlaqələndirilib. Şirkət işlərin davam etdirilməsi qərarı veriləcəyi təqdirdə detalları tənzimləyici qurumlarla müzakirə edəcəyini vəd edib.
Bəs Ukrayna üçün bu anbarın əhəmiyyəti nədir?
“Naftoqaz”ın səlahiyyətlərini müvəqqəti icra edən rəhbəri Sergey Fedorenko Ukraynaya ölkə hüdudlarından kənarda anbarların nə üçün lazım olduğunu izah edib.
“Yanacaq infrastrukturumuza Rusiyanın davamlı hücumları şəraitində tədarük marşrutlarının şaxələndirilməsi və atəşə məruz qalma zonasından kənarda əlavə saxlama imkanlarının yaradılması bütün bazarın sabitliyi məsələsidir”, – deyə Fedorenko bildirib.
Onun sözlərinə görə, layihə, həmçinin Ukrayna ilə Macarıstan arasında enerji əlaqələrinin inkişafına kömək edəcək.
Qiymət Mahir