Azərbaycanlıların qanı üzərində qurulan sərvət - Ermənilərin əsir alverindən qazandığı milyonlar

Azərbaycanlıların qanı üzərində qurulan sərvət - Ermənilərin əsir alverindən qazandığı milyonlar
22.09.2026 11:19 Təhlil

“Koçaryan və Sarkisyan ilk milyonlarını azərbaycanlıların qanı və əziyyəti hesabına qazandılar”

TodayPress TV xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz xatirələrindən danışarkən deyib.


O bildirib ki, 1994-cü ildə xarici işlər nazirinin müavini təyin olunub və bir neçə ay sonra Prezident Heydər Əliyevin sərəncamı ilə sülh müqaviləsinin mətnini paraflamaq hüququ ilə onun xüsusi nümayəndəsi olub. Zülfüqarov qeyd edib ki, 1998-ci ilin martında xarici işlər naziri təyin olunana qədər Prezidentin birbaşa rəhbərliyi və nəzarəti altında çalışıb.

Keçmiş nazir Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın Qarabağda fəaliyyət göstərdikləri dövrlə bağlı ciddi ittihamlar səsləndirib.

“Bu gün mətbuatda Köçəryanın həbsi barədə oxuyanda Koçaryan və Sarkisyana qarşı aparılan istintaqla bağlı bir sualım var: niyə bu şəxslər müvəqqəti işğal olunmuş ərazilərdə hələ də işlədikləri dövrdə törədilən ən ağır cinayətlərdə ittiham edilmirlər?” – deyə o bildirib.

Onun sözlərinə görə, həmin şəxslər ilk böyük pullarını məhbus və girov alveri ilə qazanıblar. O, Serj Sarkisyanın həmin dövrdə Robert Koçaryanın “pulqabı” funksiyasını yerinə yetirdiyini və Xocalı soyqırımı zamanı əsir götürülmüş mülki şəxslərin, o cümlədən qadın və uşaqların azad edilməsi prosesinin uzadılması ilə bağlı göstəriş verdiyini iddia edib.

T.Zülfüqarov qeyd edib ki, bu barədə ona V.N.Kazimov məlumat verib. Onun sözlərinə görə, xüsusi hökumət işçi qrupunun tərkibində müdafiə naziri Pavel Qraçevə müraciət edilərək əsirlərin “hamısı hamı üçün” prinsipi ilə dəyişdirilməsi məsələsi qaldırılıb.

O bildirib ki, 1994-cü ilin avqustunda yalnız qadın və uşaqlar dəyişdirilib. Onun sözlərinə görə, 28 azərbaycanlı qadın 4 erməni qadına dəyişdirilib. O, müharibə əsirlərinin dəyişdirilməsi prosesinin bundan sonra da davam etdiyini və Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primakovun Ermənistan və Azərbaycana səfəri zamanı təyyarəsində 52 azərbaycanlı müharibə əsirini gətirdiyini qeyd edib.

“Beləliklə, korrupsioner Koçaryan və Sarkisyan Azərbaycanın işğal olunmuş torpaqlarında ilk milyonlarını vətəndaşlarımızın qanı və əziyyəti ilə qazanmağa başladılar və onlar buna görə cavab verməlidirlər”, – deyə Tofiq Zülfüqarov əlavə edib. 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Azərbaycanlıların qanı üzərində qurulan sərvət - Ermənilərin əsir alverindən qazandığı milyonlar — 1
XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər