“Sabah”dan azarkeşlərə böyük jest: Çempionlar Liqası matçları hər kəsə əlçatan oldu!
“Sabah” klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov UEFA Çempionlar Liqasının liqa mərhələsindəki ev oyunları üçün nəzərdə tutulan paket (kombo) biletlərin münasib qiymətə satılmasına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, klub rəsmisi bilet siyasətinin əsas məqsədinin azarkeş dəstəyi yaratmaq olduğunu vurğulayıb:
““Sabah”ın Çempionlar Liqası oyunlarına bilet qiymətlərinin bu qədər əlçatan olması birbaşa xalqın gəlib oyunları rahat izləyə bilməsi ilə bağlıdır. Qiymətlər hər kəsin cibinə uyğun olmalı idi. Bütün ev matçlarını əhatə edən paket biletlər təqdim etdik ki, insanlar bir dəfəyə alıb bütün oyunları izləyə və komandamıza azarkeşlik edə bilsinlər. Hazırda çox böyük anşlaq var, hər kəs stadiona axışmaq istəyir. Xüsusilə “Barselona” və “Borussiya Dortmund” qarşılaşmalarına maraq həddindən artıq yüksəkdir. Hətta İsraildən tanışlar zəng edib Dortmundla oyuna gəlmək istədiklərini bildirirlər. Bu qarşılaşmaları canlı izləmək istəyənlərin sayı çoxdur”.
Qeyd edək ki, “Sabah”ın Bakı Olimpiya Stadionunda keçiriləcək 4 ev oyunu üçün satışa çıxarılan kombo biletlərin qiyməti 35–285 manat aralığında dəyişir.
Namiq HUN