“Sabah”dan Avropaya xəbərdarlıq: “Biz də sürprizlər etməyə hazırıq!”
“Sabah” futbol klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək növbəti oyunlar barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Championat” nəşrinin müxbiri Yeqor Kabakla danışıb.
İlk turda “Mançester Yunayted” klubuna səfərdə məğlub olan (0:4) Bakı təmsilçisinin rəsmisi bu qarşılaşmanın komandaya böyük təcrübə qazandırdığını bildirib. Ponomaryov “Sabah”ın psixoloji cəhətdən artıq hazır olduğunu vurğulayıb:
““Mançester Yunayted”lə matç bizə ciddi düşünmək üçün əsas verdi. Bu, belə bir nüfuzlu turnirdə və bu dərəcədə böyük statuslu komandaya qarşı ilk oyunumuz idi. Həyəcan öz sözünü dedi. Düşünürəm ki, ikinci matç daha rahat olacaq, çünki psixoloji baryer artıq geridə qaldı. Biz də sürprizlər edə bilərik. Özünə inanan komandamız var. Ən əsası, həddindən artıq arxayınlığa qapılmamaqdır. Amma əminəm ki, belə hal yaşanmayacaq, futbolçular işə düzgün yanaşırlar. Onlar oynaya bildiklərini hiss etdilər. İnşallah, növbəti matçlarda fərqli futbol sərgiləyəcəklər. İlk oyun olmasına baxmayaraq, 0:4 hesabı ilə uduzsaq da, “Sabah” pis təsir bağışlamadı”.
Qeyd edək ki, Çempionlar Liqasının II turunda “Sabah” oktyabrın 13-də evdə Çexiyanın “Slaviya” klubunu qəbul edəcək. Bakılılar liqa mərhələsində həmçinin “Borussiya Dortmund”, “Viking”, “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal”la da güclərini sınayacaqlar.
Namiq HUN