Avropa səngər qazır - “Çökmüş” Rusiya niyə Qərbi qorxudur?
Avropada Rusiyadan mümkün təhlükə ilə bağlı xəbərdarlıqlar və müharibəyə hazırlıq çağırışları artır. Təkcə 19 sentyabrda Britaniya, Fransa, Polşa, Finlandiya, Niderland, Almaniya, İsveçrə, Çexiya və Litvada mümkün münaqişə, hibrid hücumlar, müdafiənin gücləndirilməsi və mülki əhalinin təxliyəsi ilə bağlı açıqlamalar verilib. Belə bir sual meydana çıxır: Avropa illərdir Rusiyanın zəiflədiyini və ciddi itkilər verdiyini bildirir.
Bəs “çökmüş” Rusiya niyə hələ də Avropanın əsas təhlükə gündəmindədir?

Sözügedən mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.
O qeyd edib ki, Rusiya doğrudan da çox ağır durumdadır və hazırda Kreml Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxış yolu axtarmağa başlayıb:
“Bununla belə, Avropada əksər dövlətlər Rusiya ilə bağlı təhlükənin mövcud olduğuna əmindirlər və bu təhlükə daha çox hərbi xarakterlidir. Çünki Avropa ölkələri Ukrayna savaşından sonrakı vəziyyəti də proqnozlaşdırırlar”.
Analitik bildirib ki, Avropa ölkələri Ukrayna savaşından sonra Rusiyanın özünü qısa müddətdə bərpa etmək imkanına malik olduğunu bilirlər:
“Rusiyanın hərbi-sənaye kompleksi kifayət qədər inkişaf edib və kütləvi silah-sursat istehsalı qabiliyyətinə malikdir.
Avropanı qorxudan əsas faktor da məhz budur. Çünki hesab edirlər ki, müharibədən sonra Rusiya çox böyük sürətlə, qısa müddətdə öz silah-sursat və hərbi texnika ehtiyaclarını yenidən təmin edəcək və Avropa ölkələrinə qarşı hərbi təhdidlər törətməkdə davam edəcək. Avropanı qorxudan əsas məqam məhz bundan ibarətdir”.
Ekspert hesab edir ki, Avropa ölkələri yaxın gələcəkdə – onların hesablamalarına görə, bu, 2030-cu illərdə baş verə bilər – məhz Rusiya ilə belə bir hərbi toqquşma ehtimalına hazırlaşırlar.
Politoloq digər önəmli məqama diqqət çəkib:
“Rusiyadan fərqli olaraq, Avropa ölkələrinin hərbi-sənaye kompleksləri hazırda qarşıya qoyulan vəzifələri mövcud vəziyyətin tələblərinə uyğun şəkildə ödəmək imkanında deyillər. Yəni Avropa ölkələri onilliklər boyu hərbi xərclərdən yayınmağa üstünlük veriblər və bu müddət ərzində yalnız sosial-iqtisadi istiqamətdə inkişaf etməyi ön planda tutublar. Nəticədə indi onların hərbi-sənaye komplekslərinin yetərli potensiala malik olmadığı ortaya çıxır və Rusiya ilə rəqabətdə uduzacaqlarını anlayırlar”.
Elçin Xalidbəylinin fikrincə, Avropa qitəsində Rusiya ordusuna qarşı dayana biləcək ən güclü ordu məhz Ukrayna ordusudur.
Politoloq digər bir önəmli məqamın ABŞ-nin Avropanın təhlükəsizliyinə zəmanət verməkdən artıq geri çəkilməsi olduğunu deyir:
“Ağ Evdə hesab edirlər ki, Avropa ölkələri öz təhlükəsizlikləri üçün ABŞ dövlət büdcəsini istismar etməkdən imtina etməli, hərbi və müdafiə xərclərini, yeni təhlükəsizlik sisteminin qurulması üçün tələb olunan maliyyə vəsaitini öz üzərinə götürməlidir. Bu da Avropa Birliyi ölkələri üçün yeni bir çağırış, yeni bir risk məkanıdır. İndi ABŞ-yə güvənən Avropa məkanı artıq demək olar ki, müdafiəsiz qalmış kimi görünür və əsas xof da, Rusiya xofu da məhz bundan qaynaqlanır.
Çünki Avropa ölkələrinin mütləq əksəriyyəti NATO-nun üzvü olsalar da, ABŞ-nin birbaşa dəstəyi və NATO-dakı yüksək səviyyəli iştirak rolu olmadan NATO da Avropa məkanının təhlükəsizliyini təmin etməkdə yetərli imkanlara malik olmaya bilər”.
Elçin Xalidbəyli vurğulayıb ki, bütün bu hərbi xarakterli problemlər üst-üstə yığıldıqda, Avropa ölkələri üçün olduqca riskli bir situasiya yaranmış olur:
“Avropa strateqləri hesab edirlər ki, qoca qitədəki ölkələr 2030-cu illərə qədər yeni təhlükəsizlik sisteminin yaradılmasını və hərbi-sənaye kompleksinin inkişaf etdirilməsini, eyni zamanda yeni ordu quruculuğu prosesini mütləq sona çatdırmalıdırlar. Əks halda, öz hərbi potensialını yenidən bərpa edə biləcək Rusiyanın hərbi təhdidləri qarşısında Avropa ölkələrinin davam gətirə bilməsi o qədər də asan olmayacaq”.
Jalə Rövşən