Milyonlarla azərbaycanlını bu hala saldılar - Kurtlar Vadisində Azərbaycan cinayətləri dosyesi

Milyonlarla azərbaycanlını bu hala saldılar - Kurtlar Vadisində Azərbaycan cinayətləri dosyesi
21.09.2026 11:24 Təhlil

Bu gün Azərbaycan küçələrində Polat Alemdar papağı taxan, "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var.

Bu mənzərə iyirmi illik sistemli mədəniyyət mühəndisliyinin və ideoloji təsirin acı nəticəsidir. "Kurtlar Vadisi" Türkiyədən sonra ən çox Azərbaycanda izlənən və şüuraltında ən dərin izlər buraxan ideoloji silaha çevrildi.

Serialın kütlələrə çatması üç əsas mərhələdən keçdi. İlk olaraq 2003–2005-ci illərdə peyk antenaları vasitəsilə "Kanal D" və "Show TV" üzərindən evlərə daxil oldu və cəmiyyətdə Türkiyə serialı anlayışının əsasını qoydu.

2005–2007-ci illərdə isə ANS TV serialı dublyajsız, orijinal səslə yayımlayaraq reytinq rekordları qırdı; məhz bu dövrdə yeni doğulan uşaqlara "Polat", "Memati" və "Süleyman Çakır" kimi adlar verilməyə başlandı.

2008–2016-cı illərdə isə "Kurtlar Vadisi Pusu" artıq televiziyadan çıxıb YouTube, DVD və sosial şəbəkələrdə kütləvi vüsət aldı. Hətta "Azərbaycan Aslanı" başlığı ilə yayılan qısa epizodlar belə təkbaşına milyonlarla baxış topladı. 

Bütöv bir nəsil bu serialla böyüyərək mafiya və vətən anlayışlarını ekrandan ötürülən təhrif olunmuş qəliblərlə qəbul etdi.

Ekran işinin ssenari xəttində Azərbaycan qaranlıq dairələrin içində təsvir edildi. Bu təqdimat iki əsas obraz üzərindən qurulmuşdu: Nazir Kılabadzı və Alexander İvanov.

Əlli dördüncü bölümdə hekayəyə daxil olub cəmi səkkiz bölüm sonra yoxa çıxan Nazir Kılabadzı, Memati Başın silah qaçaqçısı olan ortağı kimi təqdim edildi. O, ləhcəsi və davranışı ilə açıq şəkildə azərbaycanlı idi. Onun missiyası sadəcə Polat və Mematinin kölgəsində limanı qorumaq, silah daşımaq və ölməkdən ibarət idi. Tamaşaçının şüuraltına aşılanan mesaj aydın idi: sən güclü ola bilərsən, amma heç vaxt baş rol ola bilməzsən, sən ancaq köməkçisən. Onun ssenaridən heç bir final səhnəsi olmadan qəfil silinməsi isə yerli tamaşaçıda yarımçıq qalmışlıq kompleksi formalaşdırdı.


İkinci və daha təhlükəli obraz isə Rusiya mafiyasının və keçmiş DTK (KGB) şəbəkəsinin təmsilçisi olan Aleksandr İvanov idi. Bioqrafiyasında ən çox fəaliyyət göstərdiyi bölgələrin Azərbaycan və Özbəkistan olduğu açıq şəkildə vurğulanan İvanov vasitəsilə təhlükəli bir tezis yeridilirdi: Rusiya Türkiyəyə qarşı planlarını Azərbaycan üzərindən həyata keçirir. Beləliklə, Azərbaycan suveren dövlət kimi yox, böyük güclərin poliqonu və Moskvanın arxa bağçası kimi təqdim olunurdu. Tamaşaçıya illərlə öz taleyinin kənarda həll edildiyi və heç vaxt subyekt ola bilməyəcəyi fikri aşılandı.


Bu proses cəmiyyətdə üç ağır fəsad doğurdu.

Birincisi, mafiyalaşmış kişilik modeli formalaşdı; gənclərin idealına çevrilən Polat Alemdar obrazı qanunun aliliyinə inamı sarsıtdı, problemləri məhkəmə ilə deyil, zorakılıq və kriminal himayədarlıqla həll etmək vərdişini dəbə saldı.

İkincisi, tənqidi düşüncəni sıradan çıxaran komplo teoriləri təfəkkürü kök saldı; hər siyasi və ya iqtisadi prosesin arxasında gizli təşkilatların, qaranlıq əllərin dayandığı inancı real siyasi analizi iflic etdi.

Nəhayət, üçüncüsü, milli kimlik ikinci plana atıldı; serialda qəhrəmanlıq mütləq şəkildə başqa mərkəzlərə bağlandığı halda, azərbaycanlı obrazı ya qaçaqmalçı, ya da kənar qüvvələrin aləti kimi göstərildi. Heç vaxt intellektual, diplomat və ya öz hüququnu qoruyan müasir azərbaycanlı modeli təqdim edilmədi.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər