Ağ Evdə kameralar söndü, Trampın tədbirləri “ekransız” qaldı
ABŞ-də Ağ Evin mətbuat hovuzuna daxil olan iri telekanallar Prezident Donald Trampın iştirakı ilə keçirilən tədbirləri canlı yayımlamaqdan imtina ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” qəzeti “Fox News” telekanalının Vaşinqton bürosunun rəhbəri Brayan Boutonun məktubuna istinadən məlumat yayıb.
Bouton bildirib ki, telekanallar bu qərarı bir sıra KİV-lərin Ağ Evə giriş imkanlarının məhdudlaşdırılmasına etiraz olaraq qəbul ediblər. Onun sözlərinə görə, sentyabrın 21-dən etibarən televiziya hovuzu çərçivəsində yayımlanması nəzərdə tutulan prezident tədbirləri işıqlandırılmayacaq.
Qəzetin məlumatına görə, bu qərar Tramp administrasiyasının “CNN”, “MS NOW” telekanalları və “Politico” qəzetinin jurnalistlərinin Ağ Evə giriş icazələrini ləğv etməsindən sonra verilib. Ağ Evin mətbuat hovuzunda “CNN”lə yanaşı “Fox News”, “CBS”, “ABC” və “NBC” də yer alır.
“Politico” qeyd edir ki, sentyabrın 20-də yayılan Ağ Evin sentyabrın 21-nə olan proqramında prezidentin tədbirlərinin canlı yayımına hansı telekanalın cavabdeh olacağı barədə məlumat yer almayıb. Telekanalların mətbuat hovuzu çərçivəsində Trampın fəaliyyətini işıqlandırmaqdan imtinası onun BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı ilə bağlı foto və videoların yayılmasında da çətinlik yarada bilər.
Xatırladaq ki, sentyabrın 18-də Tramp “CNN”, “MS NOW” və “Politico”nun onun administrasiyası haqqında yalan məlumatlar yaydığını bildirərək onların jurnalistlərinin Ağ Evə girişinə icazəni ləğv etdiyini açıqlamışdı. Dövlət başçısı girişinə qadağa qoyulan KİV-lərin siyahısının genişləndirilə biləcəyini desə də, qərarın ləğv oluna biləcəyini də istisna etməyib. Sentyabrın 19-da adıçəkilən KİV-lərin müxbir və texniki heyətinin Ağ Evə girişinə məhdudiyyət qoyulub.
Aysel Mətləb