Türk ordusuna "Ermənistana gir" əmri verildi və ruslar nüvə silahını...

Türk ordusuna "Ermənistana gir" əmri verildi və ruslar nüvə silahını...
21.09.2026 11:00 Təhlil

1992-ci ildə erməni işğalçı qüvvələri Azərbaycanın tarixi Şuşa şəhərini işğal etdikdən sonra Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl bəyan etmişdi ki, "ermənilərin növbəti terror aktından sonra Türkiyə kənarda müşahidəçi qala bilməz".

Bu mövqeyi prezident Turqut Özal da dəstəkləyirdi. Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

İşğalçı Ermənistanın Türkiyə ilə sərhədində Türkiyə Silahlı Qüvvələrinin 3-cü səhra ordusu cəmləşdirilmişdi. İşğalçı Ermənistana qarşı ikinci cəbhənin açılması real görünürdü. Türkiyə Quru Qoşunlarının baş komandanı Muhittin Fisunoğlu o zaman bəyan etmişdi:

"Bütün lazımi hazırlıqlar görülüb və ordu əmr gözləyir".

Həmin günlərdə diplomatik mənbələrə görə, ABŞ ehtiyatlı mövqe sərgiləyirdi. Bildirilirdi ki, Türkiyə işğalçı Ermənistana hücum edərsə, Rusiya işğalçı Ermənistanı müdafiə edəcək, ABŞ isə Türkiyənin bu addımını dəstəkləməyəcək.

Ən vacib məqam NATO amili idi. ABŞ Ankaraya çatdırmışdı ki, əgər Türkiyə öz təşəbbüsü ilə işğalçı Ermənistana hücum etsə və Rusiyanın əks-zərbəsinə məruz qalsa - bu barədə MDB qüvvələrinin baş komandanı marşal Yevgeni Şapoşnikov xəbərdarlıq etmişdi - NATO-nun 5-ci maddəsi, yəni kollektiv müdafiə prinsipi Türkiyəyə şamil olunmayacaq, çünki hücum edən tərəf Türkiyə sayılacaq.

Moskvada Türkiyə təhdidi ciddiyə alınmışdı. Rusiya Dövlət Duması işğalçı Ermənistan sərhədləri yaxınlığında Türkiyə ordusunun fəallaşması ilə bağlı xüsusi dinləmələr keçirdi. Dinləmələrdə xarici işlər naziri Andrey Kozıryev və MDB Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı marşal Şapoşnikov iştirak edirdi.

Yaranmış gərgin vəziyyətə görə 1992-ci il mayın 20-də marşal Şapoşnikov təcili Yerevana uçdu və hava limanındaca mətbuat konfransı keçirərək Türkiyəyə xəbərdarlıq etdi:

- "Əgər ora (Qarabağ münaqişəsinə) daha bir tərəf müdaxilə etsə, biz üçüncü dünya müharibəsinin astanasında ola bilərik".

Beynəlxalq agentliklər - Reuters, Associated Press, AFP 20-21 may 1992-ci il tarixlərində bu sözləri manşetə çıxardı: "If a third party intervenes, we could be on the verge of a Third World War".

Məhz bu beynəlxalq təzyiq və Rusiyanın işğalçı Ermənistanı açıq müdafiə etməsi Türkiyəni birbaşa hərbi müdaxilə əvəzinə iqtisadi təzyiq yolunu seçməyə məcbur etdi və rəsmi olaraq Türkiyə-Ermənistan sərhədini bağladı.

Bundan sonra Türkiyə qardaş Azərbaycana dəstək strategiyasını dolayı yolla davam etdirdi - Bakı ilə silah-sursat tədarükü və Azərbaycan hərbçilərinin Türkiyədə hazırlanması barədə müqavilələr imzalandı.

Bu tarix bir daha göstərir ki, Qərb və Rusiya hər zaman işğalçı Ermənistanı qoruyub, Azərbaycanın haqlı mövqeyinə qarşı əngəl yaradıb.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər