Şəki yaylasında gənclər həlak olarkən çəkilən videoları kimlər silib? - Mübhəm iz

Şəki yaylasında gənclər həlak olarkən çəkilən videoları kimlər silib? - Mübhəm iz
21.09.2026 16:28 Sosial

“Şəki yaylası” istirahət mərkəzində baş verən və iki gəncin ölümü ilə nəticələnən hadisə ilə bağlı yeni iddia ortaya çıxıb.

TodayPress TV xəbər verir ki,  faciə zamanı həyatını itirən 27 yaşlı Ucal Bayramovun atası Asif Bayramov sosial şəbəkə hesabında paylaşım edərək hadisə ilə bağlı diqqətçəkən məlumatlar açıqlayıb.

Asif Bayramovun sözlərinə görə, hadisə zamanı orada olan şəxslərdən biri özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib və faciənin digər qurbanı, 30 yaşlı Coşqun Məmmədovun nişanlısından telefonunu istəyib.

Onun iddiasına görə, həmin şəxs telefonda hadisə ilə bağlı çəkilmiş görüntüləri, eləcə də həmin gün lentə alınmış digər foto və videoları silib. Bayramov bildirib ki, görüntülər yalnız telefonun yaddaşından deyil, həmin materialların əvvəllər göndərildiyi digər ünvanlardan da silinib.

Asif Bayramov paylaşımında qeyd edib ki, oğlu Ucal Bayramov və dostu Coşqun Məmmədov sentyabrın 8-də “Şəki yaylası” istirahət mərkəzində həyatlarını itiriblər.

Bayramov hadisə ilə bağlı yazısında “Şəki yaylası”nda baş verənlərin çoxsaylı suallar doğurduğunu bildirib və faciənin bütün təfərrüatlarının araşdırılmasına çağırış edib.

O, paylaşımında hadisənin şahidlərindən birinin yaşadıqlarını da qeyd edib. Həmin şəxsin sözlərinə görə, faciə baş verdiyi anda o, şok vəziyyətində olub. Bu zaman bir nəfər ona yaxınlaşaraq özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib və telefonunda hadisəni çəkib-çəkmədiyini soruşub.

Şahidin iddiasına əsasən, “hə, çəkmişəm” cavabından sonra həmin şəxs telefonun ona verilməsini istəyib. Şahid isə ağır psixoloji vəziyyətdə və hadisənin yaratdığı şokun təsiri altında telefonu həmin şəxsə təqdim edib.

Bayramov yazıb ki, hadisədən sonra şahid telefonunda həmin gün çəkdiyi görüntüləri axtararkən həm faciə anlarını əks etdirə biləcək kadrların, həm də həmin gün çəkilmiş digər foto və videoların silindiyini görüb.

Paylaşımda bildirilir ki, məsələ ilə bağlı əsas suallardan biri də həmin şəxsin kimliyi və özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim etməsinin hansı məqsəd daşımasıdır.

Asif Bayramov hadisənin bütün tərəflərinin araşdırılacağına və günahı olan şəxslərin qanun qarşısında məsuliyyət daşıyacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, paylaşımda səsləndirilən iddialar Asif Bayramovun açıqlamalarına əsaslanır. İddiaların hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat verilməyib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər