Bakıda tıxac kabusu: Vətəndaşlar ildə yüzlərlə saatını yollarda itirir – Mütəxəssis həyəcan təbili çaldı

Bakıda tıxac kabusu: Vətəndaşlar ildə yüzlərlə saatını yollarda itirir – Mütəxəssis həyəcan təbili çaldı
21.09.2026 15:10 Sosial

Son günlər Bakı şəhərində və mərkəzə daxil olan əsas magistral yollarda müşahidə edilən həddindən artıq nəqliyyat sıxlığı paytaxtın gündəlik həyat ritmini iflic etməkdə davam edir. Şəhərətrafı yaşayış məntəqələrindən mərkəzə doğru hərəkət edən vətəndaşlar hər gün vaxtlarının böyük hissəsini yollarda itirir. 

Bəs insanlar gündə təqribi neçə saatını yolda itirir və bu, hansı istiqamətlərdə daha çoxdur?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, xüsusilə şəhərətrafı ərazilərdən mərkəzə gedib-gələn vətəndaşların gündəlik yol müddəti kəskin artıb.


Onun sözlərinə görə, Bakıda tıxac problemi artıq ayrı-ayrı küçələrin problemi deyil, bütövlükdə şəhərin gündəlik həyat ritminə, insanların iş vaxtına, ailəsinə ayırdığı zamana və iqtisadi fəallığa təsir edən sistemli nəqliyyat problemidir:

"İnsanların tıxacda konkret olaraq gündə neçə saat itirdiyini müəyyənləşdirmək üçün Bakı üzrə bütün səfərləri əhatə edən vahid açıq statistika olmadığından "hər Bakı sakini gündə dəqiq filan qədər vaxt itirir" demək düzgün olmaz. Beynəlxalq metodologiyalarda da tıxacda itirilən vaxt sərbəst hərəkət şəraitində tələb olunan səfər vaxtı ilə faktiki səfər vaxtı arasındakı fərq kimi hesablanır. Lakin Bakının bugünkü nəqliyyat şəraitinə baxdıqda, xüsusilə şəhərətrafı ərazilərdən mərkəzə gündəlik gedib-gələn vətəndaşların ümumi yol müddətinin səhər və axşam birlikdə 2-3 saata, bəzi ağır günlərdə isə bundan da artıq müddətə çatması tam realdır. Əsas problem odur ki, əvvəllər 30-40 dəqiqəyə qət edilə bilən müəyyən marşrutların pik saatlarda bir saat və daha artıq çəkməsi insanların gündəlik həyatından əlavə vaxt aparır".

Ekspert Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) statistikasına əsaslanaraq sıxlığın təkrarlandığı əsas arteriyaları və kritik dəhlizləri sadalayıb:

"Son günlərin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatlarına baxanda sıxlığın təsadüfi deyil, eyni nəqliyyat dəhlizlərində təkrarlandığını görürük. Sentyabrın 17-18-də yayımlanan məlumatlarda Bakı-Sumqayıt şosesinin 20 Yanvar istiqaməti, Tbilisi prospektinin mərkəz istiqaməti, Ziya Bünyadov prospektinin müxtəlif hissələri, Heydər Əliyev prospektinin həm əsas, həm də köməkçi yolu, Babək prospektinin mərkəz istiqaməti, 8 Noyabr prospekti, Əbdülvahab Salamzadə, Koroğlu Rəhimov və digər küçələr sıxlıq müşahidə olunan yollar sırasında göstərilib. Bu mənzərə göstərir ki, səhərlər əsas yük şəhərətrafı yaşayış məntəqələrindən və böyük yaşayış massivlərindən mərkəzə daxil olan istiqamətlərdə formalaşır. Xırdalan və Sumqayıt tərəfdən 20 Yanvara giriş, Binəqədi istiqamətindən şəhərə daxilolma, Sabunçu–Zabrat xəttindən Koroğlu istiqaməti, eləcə də Babək və Heydər Əliyev prospektləri ilə mərkəzə doğru hərəkət ən həssas dəhlizlərdəndir".

Mütəxəssis tıxacın təkcə avtomobil sayından qaynaqlanmadığını, mürəkkəb səbəblər zəncirinin və ciddi iqtisadi itkilərin olduğunu vurğulayıb:

"Bakıdakı tıxacların bir hissəsi yolların bir neçə əsas magistral üzərində həddindən artıq yüklənməsi, alternativ küçə şəbəkəsinin həmin yükü lazımi səviyyədə bölüşdürə bilməməsi, yolayrıclarındakı konflikt nöqtələri, qanunsuz dayanma və durma, kiçik yol-nəqliyyat hadisələrinin belə hərəkət zolaqlarından birini bağlaması, məktəb və iş saatlarının eyni zaman intervalında başlaması, ictimai nəqliyyatın bəzi istiqamətlərdə şəxsi avtomobilə kifayət qədər güclü alternativ yarada bilməməsi ilə əlaqədardır. Burada tıxacın iqtisadi tərəfini də nəzərə almalıyıq. Əgər bir insan hər iş günü yolda normadan əlavə cəmi bir saat itirirsə, 22 iş günü hesabı ilə bu, ayda təxminən 22 saat, ildə isə yüzlərlə saat məhsuldar zaman deməkdir. Bunun üzərinə artıq yanacaq sərfiyyatı, avtomobilin daha tez aşınması, ictimai nəqliyyatın intervalının pozulması, taksilərin eyni vaxt ərzində daha az sifariş yerinə yetirməsi və insanların işə gecikməsi kimi dolayı iqtisadi itkilər də gəlir".

Adil Nəbiyev sonda problemin həlli üçün kompleks yanaşmanın vacibliyini qeyd edərək konkret təkliflər irəli sürüb:

"Tıxac problemini yalnız yeni yol və yolötürücü tikməklə həll etmək mümkün deyil. Yol tutumunu artırmaqla yanaşı, ictimai nəqliyyatın sürəti və etibarlılığı yüksəldilməli, avtobusların ayrıca hərəkət üstünlüyü təmin edilməli, metro və digər yüksəkdaşıma qabiliyyətli nəqliyyat növləri inkişaf etdirilməli, iş və təhsil saatları daha düzgün bölüşdürülməli, parklanma siyasəti nəqliyyat siyasətinin bir hissəsinə çevrilməli və svetoforların idarə olunması real vaxt məlumatlarına əsaslanmalıdır. Mən hesab edirəm ki, Bakı üçün əsas məqsəd 'tıxacı tamamilə yox etmək' kimi real olmayan yanaşma deyil, vətəndaşın gündəlik səfərdə itirdiyi əlavə vaxtı sistemli şəkildə azaltmaq olmalıdır. Əgər insan hər gün evdən işə və işdən evə gedərkən həyatının saatlarını yolda itirirsə, bu artıq sadəcə nəqliyyat məsələsi deyil. Ona görə də nəticə kilometrlə çəkilən yeni yollarla deyil, vətəndaşın eyni məsafəni neçə dəqiqəyə getməsi və gələcəkdə həmin vaxtın nə qədər azaldılması ilə ölçülməlidir", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bakıda tıxac kabusu: Vətəndaşlar ildə yüzlərlə saatını yollarda itirir – Mütəxəssis həyəcan təbili çaldı — 1
XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər