Rinqdə mütləq üstünlük: İki boksçumuz rəqiblərini darmadağın etdi!
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri uğurlu çıxışını davam etdirir.
TodayPress TV xəbər verir ki, yarışın beşinci günündə yığmamızın daha iki təmsilçisi rinqdən qələbə ilə ayrılıb.
70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/4 final mərhələsində macarıstanlı Kalman Hanko ilə qarşılaşıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə üstələyən təmsilçimiz çempionatda üst-üstə 3-cü qələbəsini qazanıb. Bununla da yarımfinala adlayan İsgəndərov azı bürünc medalı təmin edib. O, finala vəsiqə uğrunda irlandiyalı Con MakKonnell ilə döyüşəcək.
75 kq çəkidə çıxış edən Səidcəmşid Cəfərov isə 1/8 finalda almaniyalı Muksim Abdulla ilə üz-üzə gəlib. Dünya çempionatının mükafatçısı olan boksçumuz bütün raundları üstün tamamlayaraq 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesablı inamlı qələbə qazanıb. Cəfərov 1/4 finalda isveçli Kevin Skott ilə qarşılaşacaq.
Hər iki boksçumuzun növbəti döyüşü sentyabrın 23-də baş tutacaq.
Namiq HUN