İran Borçalıda məscidlərdən görün, nə məqsədlə istifadə edir...

İran Borçalıda məscidlərdən görün, nə məqsədlə istifadə edir...
22.09.2026 14:43 Təhlil

İranın Gürcüstanda, xüsusilə azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsindəki "fəaliyyəti" son günlər yenidən diqqət mərkəzinə gəlib. İranın bu istiqamətdə dini, mədəni və siyasi təsir imkanları, eləcə də son hadisələr fonunda Tiflisin mövqeyi suallar doğurur. 

Bəs məsələyə Gürcüstan hökumətinin mövqeyi nə dərəcədə aydındır? Tiflis bu prosesdə  Tehranın təsirinə qarşı real addımlar atırmı? 

Sözügedən mövzu ilə bağlı  siyasi analitik, uzun illər Azərbaycandakı "Borçalı" Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmiş Zəlimxan Məmmədli TodayPress TV-yə danışıb.  


O bildirib ki, İran qonşu dövlətlər və türk coğrafiyalarına qarşı strateji siyasət yürüdür: 

"İranın bu istiqamətdə siyasəti istər açıq, istərsə də şüuraltı türk ulusuna qarşı yönəlib. İran Türkiyədəki məzhəb fərqliliklərindən və qonşu ölkələrdəki proksi qüvvələrdən istifadə edərək insan amilini öz məqsədləri üçün vasitəyə çevirir".   

Analitik vurğulayıb ki, Borçalıdakı bu təhlükə ilə bağlı SOS siqnalı  çoxdan verilib:

"Biz bununla bağlı tədqiqat və arayışlar hazırlayıb Azərbaycan hökumətinə, XİN-ə, DTX-yə və Şeyx həzrətlərinə təqdim etmişik". 

O qeyd edib ki, İranın Borçalıdakı əsas məqsədi cəmiyyəti bölməkdir:

"Onlar Məşhəd və Qum təəssübkeşliyi üzərindən aparılan təbliğatla türk insanından antitürk fəaliyyətində maşa kimi istifadə edirlər. Oradakı bir çox məscidlər İranın təbliğat ruporuna çevrilib və onların vəsaiti ilə tikilib. 

İranın aqressivləşdiyi indiki dövrdə Azərbaycan təhlükəsizlik orqanları diqqəti yenidən bu məsələyə yönəltməlidir. Gürcüstanda din faktorunun ayrı-seçkilik vasitəsinə çevrilməsinə yol vermək olmaz. Əlbəttə, bunu inzibati yolla qadağan etmək real deyil. Biz Gürcüstan tərəfinə də bildirmişik ki, İrana bu qədər meydan vermək onların dövlətçiliyinə də zərərdir. Çünki orada fars şovinizminə xidmət edən və İslamı təməllərindən uzaqlaşdıran "fars islamı" yayılır". 

Z.Məmmədli Azərbaycanın rəsmi qurumlarının bu mövzunu Gürcüstanla müzakirə etməli olduqlarını diqqətə çatdırıb:

"Vaxtilə Azərbaycanda İran casus şəbəkəsi ifşa olunarkən DTX-nin addımları daxildə "vicdan azadlığının pozulması" kimi qələmə verildi və ölkəyə divident gətirmədi. Bu həssas mövzu olduğu üçün təhlükəsizlik orqanları və siyasi hakimiyyət uzlaşmış vahid konsepsiya ilə hərəkət etməlidir".  

O düşünür ki, bu məsələdə Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyü ortaq mövqe nümayiş etdirməlidir:

"Bu ölkələr arasında təhlükəsizlik, iqtisadi və mənəvi sahədə çoxlu sazişlər var və məsələ həmin müstəvidə həllini tapmalıdır. İran Qafqazı özünün təhlükəsizlik zolağı elan edib və əsasən sosial-psixoloji cəhətdən zəif təbəqəni din vasitəsilə ələ alır. Buna qarşı adekvat müqavimət vacibdir". 

Zəlimxan Məmmədli, həmçinin Gürcüstan hakimiyyətini birbaşa günahlandırmağın  düzgün olmadığını əlavə edib:

"Onlar sadə dini mərasimlərin arxasında İranın dayanıb-dayanmadığını ayırd edə bilmirlər. Odur ki, hazırkı mərhələdə təhlükəsizlik strukturlarının və siyasi hakimiyyətlərin koordinasiyalı fəaliyyəti ən doğru yoldur".

Jalə Rövşən 

FOTOLAR

İran Borçalıda məscidlərdən görün, nə məqsədlə istifadə edir...  — 1
XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər