Nəhəng ilanların ağaclara çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ

Nəhəng ilanların ağaclara çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
24.09.2026 04:36 Maraqlı

Alimlər yeddi il ərzində Cənubi Floridada yüzlərlə Birma pitonunu izləyərək onların ağaclara yalnız hərəkət etmək üçün çıxmadığını müəyyənləşdiriblər.

TodayPress TV xəbər verir ki, “Discover Wildlife” yazır ki, 2017-ci ilin noyabrından 2024-cü ilin dekabrına qədər tədqiqatçılar 350-dən çox Birma pitonunun davranışını izləyiblər. Bunun üçün ilanlara cərrahi yolla radiotelemetrik ötürücülər yerləşdirilib və onların yeri mütəmadi olaraq müəyyənləşdirilib.

Araşdırma zamanı 188 yetkin və 168 cavan piton müşahidə olunub. Alimlər hər həftə ilanların yerləşdiyi ərazini, hansı ağacdan istifadə etdiklərini və davranışlarını qeydə alıblar.

Müşahidələr nəticəsində pitonların ağaclardan altı əsas məqsədlə istifadə etdiyi müəyyənləşib: isinmək, dincəlmək, digər ilanlarla bir araya gəlmək, qidalanmaq, hərəkət etmək və yumurtaların üzərində qalmaq.

Yetkin pitonların ağaclara əsasən isinmək, dincəlmək, digər pitonlarla bir yerdə olmaq və yumurtaları qorumaq üçün çıxdığı məlum olub.

Cavan pitonlar isə ağaclardan daha çox dincəlmək, isinmək və budaqlar arasında hərəkət etmək üçün istifadə ediblər.

Tədqiqatçılar ilanların yaşına və ölçüsünə görə ağac seçimlərinin də dəyişdiyini müəyyənləşdiriblər. Yetkin pitonlar əsasən sərv və sahilyanı düzənliklərdə bitən söyüdlərə üstünlük veriblər. Cavan pitonlar isə sərvlərlə yanaşı, palma ağaclarına da tez-tez çıxıblar.

İlanlar böyüdükcə və ağırlaşdıqca daha iri ağaclara üstünlük veriblər. Bu ağaclar arasında Braziliya bibəri ağacları və palıdlar da olub.

Bununla belə, ağaclar pitonların əsas yaşayış mühiti deyil. Yetkin ilanlar müşahidələrin 14,4 faizində, cavan pitonlar isə 17,3 faizində ağacların üzərində qeydə alınıb. Bu göstərici Floridada temperaturun aşağı düşdüyü quraq mövsümdə artıb.

Birma pitonu Cənub-Şərqi Asiya mənşəli invaziv növdür. Dünyanın ən iri ilanlarından biri hesab olunur və uzunluğu 5 metrdən, çəkisi isə 150 kiloqramdan çox ola bilər.

Bu ilanlar Floridada hələ 1930-cu illərdən qeydə alınsa da, onların sayında artım XX əsrin ikinci yarısında sürətlənib. Çoxalmaqda olan populyasiya isə 2000-ci ildə tanınıb.

Pitonları aşkar etmək çətindir. Onlar əsasən gecələr aktiv olur və uzun müddət qoruqlarda gizlənə bilirlər. Dişi pitonlar adətən iki ildə bir dəfə 30-60 yumurta qoyur.

Alimlərin fikrincə, pitonların hansı dövrdə və hansı ağaclardan daha çox istifadə etdiyini müəyyənləşdirmək gələcəkdə bu invaziv növün sayına nəzarətin daha effektiv təşkilinə kömək edə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər