“Bu müharibəni yalnız bir nəfər dəstəkləyir” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, Zelenski müharibəni açıq şəkildə dəstəkləyən yalnız bir nəfər tanıdığını bildirib.
Ukrayna liderinin sözlərinə görə, yalnız bu ilin yanvar-avqust aylarında Rusiya ordusunun Ukraynada döyüş meydanındakı itkiləri 248 964 nəfər təşkil edib.
Zelenski qeyd edib ki, son səkkiz ayda Rusiya qoşunlarının itkilərinin sayı dünyada 21 ölkənin əhalisindən çoxdur.
“Bizdə Rusiya tərəfinin hər bir itkisi ilə bağlı videomateriallar var. Bu, sadəcə statistika deyil, söhbət insanlardan gedir. Dronlardan çəkilmiş və minlərlə rusiyalının döyüş bölgələrində həyatını itirdiyini göstərən video arxivimiz var. Bu, dəlilikdir. Amma onlar yenə də oraya ölməyə gedirlər, çünki Putin bunu istəyir”, – deyə Zelenski bildirib.
O, Rusiyanın bu qədər itkiyə baxmayaraq, cari ildə Ukraynada 1000 kvadrat kilometrdən bir qədər çox ərazi ələ keçirdiyini, bunun əhəmiyyətli hissəsinin isə artıq Ukrayna tərəfindən geri qaytarıldığını deyib.
Zelenskinin sözlərinə görə, Rusiyanın Ukrayna əraziləri olmadan da 17 milyon kvadrat kilometr ərazisi var.
“Daha 1000 kvadrat kilometr ərazi əldə etmək üçün Putin hər kilometrə 248 insan hesabı ilə itki verdi. Hələ də kimsə onu ağlabatan və təmkinli hesab edir?” – deyə Ukrayna Prezidenti vurğulayıb.
Kübra Musayeva