İran səfiri həddini aşdı - Özbaşınadır, yoxsa Tehranın təlimatı?

İran səfiri həddini aşdı - Özbaşınadır, yoxsa Tehranın təlimatı?
23.09.2026 21:38 Gündəm

“İranın Ermənistandakı səfiri Xəlil Şirqulami məntiqsiz açıqlamalarına birini də əlavə edib”.

TodayPress TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

“İranlı diplomatın sözlərinə görə, bölgədə sabitliyə və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında real güc balansı təmin edilməlidir. “Bu olduqca vacibdir” deyən Şirqulami bildirib ki, İran regionda “yeni güc balansı”nın yaradılmasına çalışır və bu, “uzunmüddətli sülhün yeganə real təminatı”dır. Onun iddiasına görə, bu “balans” olmadan vəziyyət kövrək olaraq qalacaq, regionda sülhün təmin edilməsi üçün yalnız istək kifayət etmir”, - politoloq bildirib.

Onun sözlərinə görə, İran səfiri mövzunu bu cümlə ilə yekunlaşdırıb:

“Bölgədə geosiyasi dəyişiklik qəbuledilməzdir. Bu, İranın fundamental mövqeyidir. Status-kvo mütləq qorunmalıdır”.

“Status-kvonu yaradan və qoruyan Azərbaycandır. İranlı diplomatın “məntiqinə” görə isə, Azərbaycan Ermənistandan güclü olmamalı və ya tərsinə Ermənistan Azərbaycan qədər güclü olmalıdır. Birincisi, iki ölkə arasında əhali nisbətini dəyişmək mümkün deyil. İkincisi, Tehran istəyir deyə Azərbaycan hərbi büdcəsini azaldıb Ermənistanınkı qədər edə bilməz. Səfirin başqa bir “məntiqinə” görə, Azərbaycanla Ermənistan arasında “güc balansını” qoruya biləcək ölkə İrandır. 

İranın Ermənistandakı səfiri hər dəfə statusunu və həddini aşan açıqlamalar verir. O bu açıqlamaları ya özbaşına verir, ya da Xarici İşlər Nazirliyindən aldığı təlimatı həyata keçirir. Hər nədirsə, səfirin bu açıqlamaları İran – Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır” - deyə Elxan Şahinoğlu qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər