Orbitdə müəmmalı partlayış - Səbəb naməlumdur
ABŞ-nin “USA 32” adlı kəşfiyyat peyki orbitdə parçalanıb. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
TodayPress TV xəbər verir ki, ABŞ Kosmik Qüvvələrinin məlumatına görə, FARRAH III kod adlı peyk sentyabrın 13-də Yer səthindən təxminən 775 kilometr yüksəklikdə parçalanıb. Hərbçilər hadisəni təsdiqləyib və peykin dağıntılarının hazırda digər kosmik aparatlara təhlükə yaratmadığını bildiriblər.
Mütəxəssislər peykin onilliklər ərzində kosmosda qalmasından sonra təzyiq altında olan yanacaq çəninin və ya akkumulyatorun partlamasını mümkün səbəblərdən biri hesab edirlər. Meteorla toqquşma və ya digər kosmik tullantı ilə çarpışma ehtimalı da istisna edilmir.
ABŞ Kosmik Qüvvələri peykdən qalan dağıntıları izləyir, onların trayektoriyasını və ölçülərini müəyyənləşdirir. Mütəxəssislər isə dağıntıların gələcəkdə digər kosmik obyektlərlə toqquşma riski yarada biləcəyini araşdırırlar.
FARRAH III 5 sentyabr 1988-ci ildə orbitə çıxarılıb. Peyk Sovet İttifaqının radar siqnallarını müşahidə etmək və əldə etdiyi məlumatları Yerə ötürmək üçün istifadə olunub. Peykin kod adı amerikalı aktrisa Farrah Fawcettin şərəfinə verilib. Xarici görünüşünə görə aparat qeyri-rəsmi olaraq “konserv bankası” adlandırılıb.
Peykin missiyasını başa vurduqdan sonra təhlükəsiz vəziyyətə gətirilib-gətirilmədiyi isə hələ məlum deyil.
Kübra Musayeva