Qızıl medalı əlindən alınan Valiyevanın ECHR ümidi
Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR) rusiyalı fiqurlu konkisürən Kamila Valiyevanın antidopinq qaydalarını pozması səbəbindən İdman Arbitraj Məhkəməsinin (CAS) onun 4 illik diskvalifikasiya olunması ilə bağlı çıxardığı qərardan verdiyi şikayəti baxılması üçün qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Kamila Valiyeva ətrafında dopinq qalmaqalı 2022-ci ildə alovlanıb. 15 yaşlı fiqurlu konkisürənin “Rusiya çempionatı – 2022”dən sonra götürülmüş analizində trimetazidin maddəsi aşkar olunub. Sınağın nəticəsi Pekin Olimpiadası zamanı, Valiyevanın Rusiya yığmasına qızıl medal qazanmağa kömək etdiyi komanda yarışından sonra bəlli olub.
2024-cü ilin yanvarında İdman Arbitraj Məhkəməsi (CAS) Valiyevanı 4 il müddətinə diskvalifikasiya edib. Cəza müddəti müsbət analizin verildiyi 25 dekabr 2021-ci il tarixindən hesablanıb.
Diskvalifikasiya səbəbindən Rusiya yığması Pekin Olimpiadasının komanda yarışındakı qızıl medalından məhrum olunub. Valiyeva, həmçinin 2022-ci ilin Avropa və Rusiya çempionu titullarını və bir sıra digər mükafatlarını itirib.
Valiyeva rəsmi məşqlərə qayıtmaq hüququnu 2025-ci il oktyabrın 25-də əldə edib.
Namiq HUN