Türkiyə bu dövlətləri əzərək Yaxın Şərqin sahibi olur

Türkiyə bu dövlətləri əzərək Yaxın Şərqin sahibi olur
23.09.2026 11:01 Təhlil

Uzun illər ərzində Yaxın Şərqin əsas güc mərkəzlərindən biri deyəndə ilk olaraq Səudiyyə Ərəbistanı yada düşürdü. Bunun kifayət qədər sadə səbəbi var idi: böyük neft gəlirləri və ABŞ-nin hərbi dəstəyi. Lakin zaman göstərdi ki, yalnız böyük maliyyə imkanlarına və xaricdən alınan bahalı silahlara arxalanmaqla uzun müddət güclü qalmaq mümkün deyil.

Bu məqamda Türkiyə ön plana çıxır. Türkiyə son illərdə ardıcıl və məqsədyönlü şəkildə öz sənayesini, xüsusilə müdafiə sənayesini inkişaf etdirib. Əvvəllər Türkiyə ordusunun istifadə etdiyi silah və hərbi texnikanın böyük hissəsi xaricdən gətirilirdisə, bu gün vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.

Ankara artıq pilotsuz uçuş aparatlarını, zirehli texnikasını, hərbi gəmilərini və raketlərini özü istehsal edir.

“Bayraktar” kimi pilotsuz uçuş aparatları yalnız nümayiş və sınaq məqsədi ilə istifadə olunmadı; Qarabağda, Liviyada və Ukraynada döyüş meydanlarında tətbiq edilərək müharibələrin gedişinə təsir göstərdi. Bu gün Türkiyə dünyanın ən böyük silah ixracatçılarından birinə çevrilməkdədir və bu da ölkənin yalnız hərbi deyil, siyasi nüfuzunun da artmasına səbəb olur.

ABŞ-da bu reallığı aydın şəkildə görür. ABŞ Prezidenti Donald Trampın Körfəz ölkələrinin ərəb liderləri qarşısında Rəcəb Tayyib Ərdoğanı “sərt xarakterli” və “möhtəşəm insan” kimi təqdim etməsi təsadüfi deyildi.

Tramp bununla Türkiyənin artıq digər ölkələrin mövqeyindən asılı şəkildə hərəkət edən dövlət olmadığını, öz maraqları və mövqeyi əsasında siyasət yürüdən müstəqil güc olduğunu vurğulayırdı.

Səudiyyə Ərəbistanı da nəticə etibarilə yaranmış yeni vəziyyəti nəzərə almağa məcbur oldu. Ər-Riyadın milyardlarla dollar vəsaiti ola bilər, lakin Yəməndəki döyüşlər və ölkəyə qarşı həyata keçirilən hücumlar göstərdi ki, döyüş təcrübəsi və yerli müdafiə sənayesi kifayət qədər inkişaf etmədən böyük maliyyə imkanları ölkənin təhlükəsizliyini tam təmin edə bilmir.

Xaricdən hazır silah aldığınız ölkələr istənilən vaxt silah tədarükünü dayandıra və ya müxtəlif şərtlər irəli sürə bilərlər.

Buna görə də Səudiyyə Ərəbistanı təhlükəsizliyini gücləndirmək məqsədilə Türkiyə ilə münasibətlərini yaxınlaşdırır, Ankara ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir.

Çünki Türkiyə həm hərbi texnika və silahları özü istehsal edə bilir, həm də onların döyüş şəraitində tətbiqi ilə bağlı geniş təcrübəyə malikdir.

Ortaya belə bir mənzərə çıxır: bir tərəfdə neft gəlirlərinə və xarici hərbi dəstəyə arxalanan Səudiyyə Ərəbistanı, digər tərəfdə isə öz müdafiə sənayesini inkişaf etdirən, hərbi imkanlarını döyüş meydanlarında sınaqdan keçirən, həm Qərblə, həm Şərqlə, həm də müsəlman dünyasının müxtəlif ölkələri ilə eyni masada danışa bilən Türkiyə dayanır.

Türkiyə təkcə hərbi sahədə deyil, sənaye və diplomatiya istiqamətlərində də imkanlarını genişləndirdiyi üçün Yaxın Şərqdə nüfuzunu və təsir imkanlarını tədricən artırır və regionun əsas güc mərkəzlərindən birinə çevrilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər