Orbandan sonra Macarıstan Azərbaycana necə baxır? - AÇIQLAMA

Orbandan sonra Macarıstan Azərbaycana necə baxır? - AÇIQLAMA
23.09.2026 17:09 Təhlil

Son zamanlar Azərbaycanın Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərində yaşanan dinamika fonunda, ölkəmizin Aİ-yə üzv olan ayrı-ayrı dövlətlərlə, xüsusən də siyasi rəhbərliyində dəyişiklik baş verən Macarıstanla ikitərəfli əlaqələrinin gələcək spektri xüsusi diqqət çəkir.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov Bakı ilə Budapeşt arasındakı strateji tərəfdaşlığın müstəqil xarakter daşıdığını vurğulayıb və mövcud siyasi mənzərəni təhlil edərək vacib məqamları diqqətə çatdırıb.


O bildirib ki, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələr Avropa İttifaqı ilə olan münasibətlərin dalğalanmasından təsirlənmir:

"Azərbaycan-Macarıstan əlaqələrinin Avropa-Azərbaycan münasibətlərinə, demək olar ki, birbaşa aidiyyəti yoxdur. Yəni belə deyək, Avropa ilə münasibətlərin kəskinləşdiyi dövrdə də, normal vəziyyətdə olduğu dövrdə də Azərbaycanla Macarıstan arasındakı münasibətlər sabit olub. Başqa sözlə, Azərbaycan-Macarıstan əlaqələri Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən asılı olaraq həyata keçirilmir".

Macarıstandakı siyasi daxili dinamikaya və rəhbərlikdəki yanaşmalara toxunan Samir Hümbətov bu amillərin Bakı ilə əlaqələrə mənfi təsir etmədiyini qeyd edib:

"Keçmiş Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə Macarıstan daha müstəqil siyasət yürütməyə üstünlük verirdi və onun yanaşmaları müəyyən mənada Avropa İttifaqının mövqeyindən fərqlənirdi. Amma yeni gələn Peter Madyar nisbətən fərqli siyasət yürüdür. Bununla belə, bu siyasətin Azərbaycanla münasibətlərə hər hansı bir problemi yoxdur".

Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti haqqında səsləndirdiyi tənqidi fikirlərin konkret bir kuruma yönəldiyini və bunun ikitərəfli müstəviyə şamil edilməməli olduğunu bəyan edib:

"Azərbaycan Prezidentinin Avropa Parlamentini “rüşvət yuvası” adlandırmasının da Macarıstanla əlaqəsi yoxdur. Macarıstan tamam başqa istiqamətdir, Avropa Parlamenti isə tamam başqa. Nəzərə almaq lazımdır ki, Avropa Parlamentində Macarıstanla yanaşı, daha 26 ölkə təmsil olunur. Bundan əlavə, Avropa Parlamentində təmsil olunan ölkələrdən 9-u ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var. Bu da o deməkdir ki, Azərbaycan Prezidentinin fikirlərini həmin ölkələrin özlərinə şamil etmək düzgün olmaz", - deyə S.Hümbətov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər