Dünyaya hökm edəcək türk gücü: Hakan Fidan BMT Baş Katibi olur — İDDİA
Türkiyənin xarici işlər naziri Hakan Fidanın adı bu dəfə Türkiyənin daxili siyasətindən deyil, beynəlxalq siyasətin ən yüksək postlarından biri ilə bağlı gündəmə gəlib.
“Jerusalem Post”un yaydığı məlumat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici işlər naziri Hakan Fidanın BMT Baş katibi vəzifəsinə namizədliyini bir neçə dəfə nəzərdən keçirdiyini iddia edir.
İlk baxışdan bu, diplomatik vəzifə ilə bağlı sıradan bir ehtimal kimi görünə bilər. Lakin məsələ Türkiyədə Ərdoğandan sonrakı siyasi dövrün mümkün ssenarilərinin getdikcə daha çox müzakirə edildiyi bir vaxtda gündəmə gəldiyindən, Fidanın siyasi gələcəyi baxımından da diqqət çəkir.
Bəs “Jerusalem Post”un iddiasının arxasında nə dayanır, Ankara bu məsələyə necə yanaşır və Hakan Fidanın BMT Baş katibliyinə mümkün namizədliyi Türkiyənin daxili siyasi balanslarına necə təsir göstərə bilər?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli politoloq Hasan Oktay Fidanın BMT baş katibliyinə namizədliyi ehtimalının tamamilə qeyri-real olmadığını bildirib.

Lakin onun sözlərinə görə, hazırkı mərhələdə “Ərdoğan Fidanı namizəd göstərəcək” demək üçün kifayət qədər sübut yoxdur:
“Bununla yanaşı, artıq BMT-nin baş katibinin türk olması vaxtının çatdığını açıq şəkildə ifadə etmək lazımdır. 22 sentyabr 2026-cı il tarixli “Jerusalem Post”un xəbəri də məhz bunu deyir: qəzetə danışan və məsələ ilə tanış mənbələr Ərdoğanın Fidanı BMT baş katibliyinə namizəd göstərməyi bir neçə dəfə nəzərdən keçirdiyini iddia edirlər. Buna qarşılıq, türk rəsmilər belə bir planın olduğunu qəti şəkildə rədd edirlər. Ərdoğanın 22 sentyabrda BMT-dəki çıxışında da Fidanı namizəd kimi irəli sürmədiyi bildirilir.
Məncə, burada üç ayrı məqamı bir-birindən ayırmaq lazımdır:
1. “Fidan namizəd ola bilərmi?” — Bəli
Fidanın profili belə bir namizədliyi nəzəri baxımdan mümkün edir. O, xarici işlər naziri olmamışdan əvvəl 13 il MİT rəhbəri vəzifəsində çalışıb. Bundan əlavə, beynəlxalq münasibətlər üzrə təhsili və MAQATE İdarə Heyətinin üzvlüyü kimi beynəlxalq təcrübələri var.
Üstəlik, 2026-cı ildə Fidanın beynəlxalq diplomatiyadakı rolu da genişlənib. Trampın “Board of Peace” təşəbbüsündə Ərdoğanı təmsil etməsi və Qəzza diplomatiyasının əsas aktorlarından biri olması buna nümunədir.
2. “Ərdoğan bunu həqiqətən düşünürmü?” — Xəbərin maraqlı tərəfi də budur..
“Jerusalem Post”un iddiası birbaşa olaraq “namizədlik dəqiqləşib” formasında deyil.
Xəbərdəki əsas ifadə budur:
Ərdoğan Fidanı namizəd göstərməyi bir neçə dəfə nəzərdən keçirib.
Lakin eyni xəbərdə türk rəsmilərin belə bir planın olduğunu qəti şəkildə rədd etdiyi də yazılır. Deməli, hazırda iki fərqli məlumat var:
“Jerusalem Post”un mənbələri: Bu məsələ müzakirə masasındadır.
Türkiyəli rəsmilər: Belə bir plan yoxdur.
Bu səbəbdən, hələlik bunu Fidanın namizədliyi ilə bağlı kulis məlumatı kimi qiymətləndirmək daha doğru olar.
3. Lakin əsas məsələ BMT-dəki seçki hesablamalarıdır
Burada namizədin şəxsi keyfiyyətlərindən daha vacib məsələ BMT Təhlükəsizlik Şurasındakı balansdır.
Quterreşin ikinci müddəti 31 dekabr 2026-cı ildə başa çatır və yeni baş katibin 1 yanvar 2027-ci ildə vəzifəsinin icrasına başlaması gözlənilir. Namizəd əvvəlcə Təhlükəsizlik Şurasının tövsiyəsini almalı, daha sonra Baş Assambleya tərəfindən təyin edilməlidir. Təhlükəsizlik Şurasında namizədin ən azı doqquz səs alması və beş daimi üzvdən heç birinin veto qoymaması tələb olunur.
Üstəlik, yarış hazırda yekunlaşmayıb. Xəbərə görə, üçüncü gizli səsvermədə Kosta-Rikadan olan Rebeca Qrynspan doqquz “dəstəklənə bilən” səslə ilk sırada qərarlaşıb, Qayanadan olan Carolyn Rodrigues-Birkett isə səkkiz səslə onu izləyib. Lakin səslərin hansı daimi üzvlərdən gəldiyi açıqlanmadığı üçün bu nəticə yekun mənzərə demək deyil. Yeni namizədlərin yarışa qoşulması da hələ mümkündür.
Burada Fidan baxımından daha bir mühüm məqam var: BMT daxilində Latın Amerikası və Karib hövzəsi regionundan namizədin seçilməsi və ilk qadın baş katibin təyin olunması istiqamətində güclü siyasi gözlənti mövcuddur. Bunlar hüquqi öhdəlik deyil, lakin namizədlik prosesində ciddi siyasi amillərdir”.
Politoloq diqqətini çəkən daha böyük mənzərəni açıqlayıb:
“Əgər Fidanın namizədliyi həqiqətən Ərdoğanın gündəmindədirsə, bu, sıradan bir vəzifə dəyişikliyi məsələsi olmayacaq. Fidanın karyera xəttinə nəzər salaq: MİT → Xarici İşlər Nazirliyi → Trampın “Board of Peace” təşəbbüsü → BMT baş katibliyi
Belə bir xətt Türkiyənin xarici siyasət imkanlarının milli diplomatiya institutundan qlobal diplomatiya platformasına daşınması anlamına gələ bilər. Lakin bunun reallaşması üçün Ərdoğanın istəyi təkbaşına kifayət etməyəcək. ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın mövqeləri həlledici olacaq.
Bu səbəbdən, hazırkı mərhələdə belə bir formuldan istifadə etmək daha doğru olar:
Fidanın BMT baş katibliyinə namizədliyi hazırda təsdiqlənmiş Türkiyə hökuməti qərarı deyil. Lakin bu məsələ beynəlxalq kulislərdə real ehtimal kimi müzakirə olunmağa başlayıb”.
H.Oktay digər bir məqama da diqqət çəkib:
“Maraqlı olan isə budur: Ərdoğanın 81-ci BMT Baş Assambleyasındakı çıxışının “sönük” göründüyü barədə əvvəlki təsbitinizdən dərhal sonra bu kulisin ortaya çıxması diqqət çəkir. Çünki Ərdoğan kürsüdə Fidanı namizəd kimi elan etmədi. Buna baxmayaraq, elə həmin gün beynəlxalq mətbuatda “Ərdoğan Fidanı BMT-nin rəhbərliyinə gətirməyi düşünür” məzmunlu xəbərin yayılması diqqət çəkən məqamdır. Bu, hələlik təsdiqlənmiş plan deyil, lakin zamanlamasına görə izlənilməsi vacib olan bir inkişafdır.
Türkiyədə Ərdoğandan sonrakı dövrün müzakirə olunduğu bir mərhələdə mühüm siyasi aktor olan Hakan Fidan BMT baş katibliyinə namizəd göstərilərək seçilərsə, Türkiyədəki prezidentlik yarışından kənarda qalacaq. Əgər seçilməsə, onun siyasi çəkisi də zəifləyə və Türkiyədəki prezidentlik yarışında bir neçə addım geriyə düşə bilər”.
Politoloq digər bir ehtimalı da səsləndirib. Onun fikrincə, İsrail mətbuatı Hakan Fidanın adını ön plana çıxarmaqla Türkiyədəki prezident seçkilərini MİT daxilində formalaşdırmaq istəyir də ola bilər.
Qiymət Mahir