İran ordularını qızlar məktəbinə yerləşdirdi

İran ordularını qızlar məktəbinə yerləşdirdi
23.09.2026 17:28 Təhlil

İran İslam Respublikasında təhsil müəssisələrinin və mülki obyektlərin hərbi məqsədlər üçün istifadə edilməsi artıq təhlükəli tendensiyaya çevrilir. Son yayılan görüntülər bu acınacaqlı reallığın növbəti sübutudur.

Sistan və Bəlucistan əyalətinin Saravan rayonuna daxil olan Gəşt şəhərində yeni inşa edilmiş qızlar orta məktəbindən yayılan görüntülərdə silahlı şəxslərin məktəbin həyətində hərbi təlim keçdiyi aydın görünür. Bu şəxslər sadə yerli polis və ya təhlükəsizlik qüvvələri deyil. Onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadı tərəfindən idarə olunan, əsasən əfqan mənşəli döyüşçülərdən ibarət “Fatimiyyun” silahlı qruplaşmasının üzvləridir.

Vaxtilə Suriyadakı qanlı döyüşlərdə fəal şəkildə istifadə olunan bu xarici silahlı qruplaşmanın indi İranda gənc qızların təhsil almalı olduğu məktəbin həyətində silahlı təlim keçməsi məsələnin ciddiliyini daha da artırır.

Lakin bu hadisə təcrid olunmuş və təsadüfi hal deyil. Bu ilin əvvəlində aparılan geniş araşdırmalar göstərib ki, İranın 17 müxtəlif əyalətində hərbi və təhlükəsizlik qüvvələri ən azı 70 mülki obyekti hərbi məqsədlər üçün mənimsəyib. Həmin obyektlərdə hərbi texnika, silah-sursat və canlı qüvvə yerləşdirilib. Ən narahatedici məqam isə budur ki, bu obyektlərin təxminən yarısı — ümumilikdə 34-ü ibtidai və orta məktəblərdir. Digər obyektlər sırasında xəstəxanalar, məscidlər, universitetlər, idman stadionları, parklar və dövlət idarələri də yer alır.

Problem o həddə çatıb ki, hətta Tehran qubernatoru bu yaxınlarda rəsmi tələblə çıxış edərək dövlət və hərbi qurumlar tərəfindən zəbt edilmiş məktəblərin yeni tədris ili başlamazdan əvvəl Təhsil Nazirliyinə qaytarılmasını tələb etmək məcburiyyətində qalıb.

Bütün bunlar son dərəcə ciddi və narahatedici mənzərə yaradır. Uşaqların təhsil almalı, yerli əhalinin isə sığınmalı olduğu mülki məkanların hərbi infrastrukturun bir hissəsinə çevrilməsi ciddi təhlükələr doğurur. Məktəblərin xarici silahlı qruplaşmaların təlim meydançasına çevrilməsi, ilk növbədə, uşaqların həyatını birbaşa təhlükəyə atır. Eyni zamanda, bu, gələcək mümkün münaqişələr zamanı həmin təhsil müəssisələrinin hərbi hədəfə çevrilməsi riskini artırır.

Bir sözlə, məktəblər öz ilkin mahiyyətinə qaytarılmalı, hərbi kazarma kimi deyil, yalnız təhsil məkanı kimi fəaliyyət göstərməlidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər