Qonşuluğumuzda dəhşətli müharibəyə hazırlıq başladı: an məsələsi....

Qonşuluğumuzda dəhşətli müharibəyə hazırlıq başladı: an məsələsi....
23.09.2026 14:45 Təhlil

ABŞ ilə İran arasında uzun illərdir davam edən gərginlik fonunda növbəti bəyanatlar savaşı yaşanır. Lakin bu dəfə pərdəarxasında tamamilə fərqli proseslər gedir.

Hər şey ABŞ Prezidenti Donald Trampın BMT-dəki kəskin çıxışı ilə başladı. Tramp bəyan etdi ki, ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonra İranla bağlı böyük bir qərar verməli olacaq: ya Tehranla yeni razılaşma əldə ediləcək, ya da İrana qarşı daha sərt addımlar atılacaq.

Bu təhdidlərə İranın cavabı da gecikmədi. İran Silahlı Qüvvələrinin Baş Qərargahı, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və SEPAH rəsmiləri bir-birinin ardınca sərt bəyanatlar səsləndirdilər. Tehran rəhbərliyi bildirdi ki, ABŞ-ın hər hansı yeni hücumu “sarsıdıcı və gözlənilməz” cavabla qarşılaşacaq və İran heç vaxt təslim olmayacaq. Hətta İran tərəfi Trampın hədələrini ciddi qəbul etmədiyini açıq şəkildə nümayiş etdirdi.

İran rəsmilərinin fikrincə, Vaşinqton son yeddi ay ərzində dəfələrlə sərt hədələr səsləndirsə də, praktiki olaraq yalnız məhdud addımlarla kifayətlənib. Yəni Tehran hesab edir ki, Trampın sərt ritorikasının arxasında real və genişmiqyaslı hərbi həmlə dayanmır.

Lakin məsələnin ən maraqlı və kritik tərəfi məhz bu sərt bəyanatların arxasında baş verənlərdir. Eyni vaxtda ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner vasitəçilər üzərindən İran nümayəndə heyəti ilə gün ərzində gizli və dolayı danışıqlar aparıblar. Hətta növbəti görüşün keçirilməsi barədə razılığa gəlindiyi bildirilir.

Bəs belə olan halda İran niyə bu qədər kəskin bəyanatlar səsləndirir?

Ekspertlərin və “Al Jazeera”nın təhlilinə görə, İran rəhbərliyinin bu cür sərt çıxışlar etməkdə əsas məqsədi daxili auditoriyanı – ölkə əhalisini və tərəfdarlarını sakit saxlamaqdır. Tehran rəhbərliyi göstərmək istəyir ki, ABŞ-la pərdəarxası danışıqlar aparsa da, heç kimin qarşısında geri addım atmır və ölkənin müdafiəsinə tam hazırdır.

Qısası, ortada klassik diplomatik oyun var: kameralar qarşısında hər iki tərəf bir-birini müharibə ilə hədələyir və güclü görünməyə çalışır, pərdə arxasında isə masa arxasında oturaraq yeni şərtləri razılaşdırmaq üçün diplomatik danışıqlar aparırlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər