Ölkələr çökür — bombalanan zavodlara görə dizel yoxa çıxdı
Bu gün dünyada böyük bir enerji böhranı yaşanır, lakin bu böhranın səbəbi bir çox insanın düşündüyü kimi yerin altından neftin az çıxması deyil.
Əsl problem çıxarılan o xam nefti maşınların, yük maşınlarının və gəmilərin işlədə biləcəyi dizel yanacağına çevirəcək neft emalı zavodlarının çatışmazlığıdır. Yani dünya neft qıtlığı ilə deyil, neft emalı qıtlığı ilə üz-üzədir.
Bunu rəqəmlərlə müqayisə etdikdə mənzərə daha da aydınlaşır. Məsələn, hazırda xam neftin bir barelinin qiyməti "Brent" markası üzrə təxminən 99 dollar civarındadır. Halbuki 2022-ci ildə bu qiymət 123 dollara qədər qalxmışdı.
Yəni xam neft əvvəlki zirvə nöqtəsindən daha ucuzdur. Buna baxmayaraq, hazırda dizelin qiyməti bütün zamanların rekord səviyyəsinə çataraq tarixi zirvələri vurur. ABŞ-dakı vəziyyətə baxsaq görərik ki, fevral ayından bəri dizelin qiymətində baş verən 2,25 dollarlıq artımın cəmi 68 senti xam neftin baha olması ilə bağlıdır. Qiyməti qaldıran əsas amil — təxminən 1,71 dolları məhz neft emalı zavodlarının qoyduğu emal haqqı və marjadır.
Bəs bu neft emalı zavodlarına neyləndi? Əsas cavab müharibələrdə və siyasi qərarlarda gizlənir. Son zamanlar baş verən münaqişələr neft quyularını vura bilmədi, lakin neft emalı zavodlarını sıradan çıxardı.
Yaxın Şərq və Rusiyada baş verən dağıntılar, işlərin dayanması və Çinin öz neft emalı zavodlarının fəaliyyətini məhdudlaşdırması nəticəsində gündəlik təxminən 5 milyon barel neft emalı gücü sıradan çıxıb. Ən böyük zərbə isə Fars körfəzinə dəyib. Burada itirilən dizel təchizatı Rusiyanın itirdiyindən təxminən üç dəfə çoxdur. Bu xüsusilə acınacaqlıdır, çünki Körfəz ölkələri son on ildə milyardlarla dollar xərcləyərək Şimali Amerikanı geridə qoymuş və dünyanın ən böyük dizel ixracatçısına çevrilmişdi.
Qərb ölkələri isə illərdir tamamilə əks istiqamətdə addımlayırdı. Qərb neft şirkətləri onilliklərdir yeni iri neft emalı zavodları tikmirlər. Hətta "yaşıl enerjiyə" keçid bəhanəsilə 2015-ci ildən bəri ABŞ və Avropada ondan çox zavod bağlanıb. Məsələn, Böyük Britaniyada bu əsrin əvvəlində 9 neft emalı zavodu var idisə, indi bu sayı cəmi 4-ə düşüb. Hazırda ABŞ-dakı qalan zavodlar öz güclərinin 90 faizindən də çoxu ilə tam güclə çalışırlar, yəni istehsalı artırmaq üçün heç bir imkan yoxdur. Köhnə zavodları təzədən bərpa etmək və ya yenisini tikmək isə illərlə vaxt aparır.
Hətta dövlətlərin fövqəladə hallarda istifadə etdiyi köhnə üsullar da köməyə çatmır. Məsələn, ABŞ özünün Strateji Neft Ehtiyatlarını açsa bile, oradan yalnız xam neft çıxacaq, istifadəyə hazır dizel yox. Eyni zamanda siyasi əngəllər də problemi dərinləşdirir. Rumıniyada Rusiyanın "Lukoil" şirkətinə məxsus neft emalı zavodu hələ də dayanmış vəziyyətdədir. Bu zavodun Amerikanın "Carlyle" şirkətinə satılması təklifi isə Vaşinqtonun rəsmi təsdiq prosesində ləngiyir və işə düşə bilmir.
Onilliklər boyunca enerji təhlükəsizliyi deyəndə ağla ilk gələn sual "neft quyularına kim nəzarət edir?" sualı idi. Lakin bu gün reallıq dəyişib. Artıq əsas məsələ neftin kimdə olması deyil, o nefti həqiqətən emal edib yanacağa çevirmək gücünə kimin sahib olmasıdır.
Qiymət Mahir