Moskvada ağır "döyüş" - Paşinyan Putinə qarşı
Son dövrlərdə İrəvan və Moskva arasında Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim, Zəngəzur dəhlizi və iqtisadi-siyasi ziddiyyətlər fonunda gərginlik pik həddə çatıb. Paşinyan Moskva ilə iqtisadi əlaqələri və mövcud güzəştləri qorumağa çalışsa da, İrəvanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşma meylləri tərəflər arasında etimadı ciddi şəkildə sarsıdıb.
Xüsusilə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcək taleyi ətrafında gedən müzakirələr və Ermənistan rəhbərliyinin bazanın mövcudluğuna artıq ehtiyac olmadığına dair mesajları gərginliyin əsas səbəblərindən biri kimi qiymətləndirilir.
Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir. Bu səfər Rusiya ilə son dövrlərdə yaranmış gərginliyin yumşaldılması cəhdi kimi qiymətləndirilə bilərmi?
Sözügedən məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə açıqlamasında bildirib ki, Bişkekdə Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüş gərgin şəraitdə baş tutub:
“Tərəflərin əsas müzakirə mövzularından biri Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim məsələsidir. Bununla yanaşı, Ermənistandakı 102-ci Rusiya hərbi bazası ilə bağlı da fikir ayrılıqları mövcuddur. Ermənistan hakimiyyəti artıq dəfələrlə qeyri-rəsmi şəkildə bazanın mövcudluğuna ehtiyac olmadığını bəyan edib”.
Ekspert hesab edir ki, qarşıdakı Moskva görüşündə də fikir ayrılıqları davam edəcək:
“Ciddi müsbət nəticənin əldə olunacağını düşünmürəm. Paşinyan hazırda Rusiya ilə iqtisadi əlaqələri qorumağa və mövcud güzəştlərdən yararlanmağa çalışır. Putinin əsas tələbi isə Ermənistanın geosiyasi seçim etməsidir. Əks halda, Moskvanın İrəvana qarşı təzyiqləri artıracağı gözlənilir”.
Analitik əlavə edib ki, payız-qış aylarının yaxınlaşması fonunda qazın qiymətinin artırılması ehtimalı da Ermənistan üçün əlavə risk yaradır:
“Paşinyan danışıqlar zamanı Putini müəyyən qədər razı salmağa çalışacaq”.
Ekspertin qənaətinə görə, Moskva görüşünün Ermənistanın xeyrinə nəticələnməsi ehtimalı aşağıdır. Gərginliyin davam etməsi daha real görünür.
Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesi də görüşün gündəmində olacaq:
“Zəngəzur dəhlizi və TRIPP layihəsi ilə bağlı Rusiyanın narazılığı var. Ermənistan hakimiyyəti görüş zamanı Moskvanın mövqeyini yumşaltmağa çalışsa da, İrəvana qayıtdıqdan sonra öz siyasi kursunu davam etdirəcək. Çünki TRIPP layihəsi üzrə artıq ABŞ tərəfi də fəaliyyətə başlayıb”.
Məhəmməd Əsədullazadə Ermənistanın dəmir yolu sistemi ilə bağlı məsələnin də müzakirə oluna biləcəyini bildirib:
“İrəvan dəmir yolu sisteminin milliləşdirilməsini istəyir. Hesab edirəm ki, Moskva görüşü Ermənistan-Rusiya münasibətlərində ciddi fikir ayrılıqlarının üzə çıxmasına və münasibətlərin yeni mərhələyə keçməsinə səbəb olacaq”.
Jalə Rövşən