Kim kimə "yalvarır?" — Putinin Paşinyana qəzəbi od saçdı...

Kim kimə "yalvarır?" —  Putinin Paşinyana qəzəbi od saçdı...
07.09.2026 16:02 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Moskvaya səfəri baş tuta bilər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, səfərin dəqiq tarixinin hələ müəyyənləşmədiyini qeyd edib, lakin Ermənistanın hökumət başçısının səfəri bu il ərzində baş tutacaq.

Bəs Nikol Paşinyanın Rusiyaya səfəri Kremlə lazımdır, yoxsa İrəvana? Tərəflərdən hansının bu səfərə ehtiyacı var?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Çingiz Şahbazi Putinlə Paşinyanın Bişkek görüşünə toxunub:


“Dəvət Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Paşinyanın görüşündən sonra gəlib və hesab edirəm ki, arxasında kifayət qədər ciddi məsələlər dayanır. Rusiya Ermənistanı itirməkdən bərk narahatdır və bu baxımdan iki ölkə arasında münasibətləri qopma həddinə gətirməkdən ehtiyat edir. Hesab edirəm ki, Ermənistan Baş naziri Nikol Paşinyan bunu anlayır və mövcud durumu Rusiyaya, xüsusilə də siyasi-iqtisadi münasibətləri korlamadan qəbul etdirmək üçün Moskvaya gedəcək.

Rusiyanın cavabı çox da sərt olmaya bilər. Çünki Paşinyan ölkəsində keçirilən parlament seçkilərində yenidən qalib gələ bildi və seçicilərin 49,8 faizinin səsini aldı. İndi onun Moskvaya səfəri heç də zəiflikdən doğan addım hesab edilə bilməz. Paşinyan seçkidən əvvəl olduğu kimi, seçkidən sonra da ölkəsinin Qərbə tərəf istiqamətini davam etdirəcəyini bildirib. Eyni zamanda Ermənistan iqtisadi baxımdan Rusiyadan hələ də asılıdır. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və qazın böyük hissəsi Rusiyadan gəlir. Rusiyanın ən böyük şirkətləri enerji və dəmir yolu kimi strateji sahələrdə mühüm mövqelərə malikdirlər. Bu baxımdan Paşinyan münasibətləri idarə olunan şəkildə normallaşdırmağa çalışır və bu səbəbdən Paşinyanın Moskva səfəri “Rusiyaya qayıdıram” deməyə yox, real vəziyyəti Rusiyaya qəbul etdirməyə hesablanıb”.

Analitik Putinin bəyanını da xatırladıb:

“Putin açıq şəkildə bəyan edib ki, Ermənistan seçim etmək məcburiyyətindədir. Aİ ilə gömrük inteqrasiyası və Avrasiya İqtisadi İttifaqında qalmaq uzunmüddətli perspektivdə uyğun deyil. Putinin tələbi açıq və aydın şəkildə görünür və o bunu tək bir siyasi məsələ olaraq görmür, iqtisadi və gömrük qaydaları ilə bağlı problem kimi də təqdim edir.

Paşinyanın isə hələ ki, Qərb və Rusiya arasında seçim etmək niyyətində olmadığı açıq şəkildə ortadadır, hər iki tərəfə işləməyi üstün tutur. Bu baxımdan Moskvada müzakirə olunacaq məsələlər arasında ən mühümü Avropa İttifaqı məsələsi olacaq. Daha sonra qaz və enerji məsələləri gəlir. Bu istiqamətdə xüsusi imtiyazlar və aşağı olan tariflərə yenidən baxılması gündəmə gətirilə bilər”.

Çingiz Şahbazi sonda əlavə edib ki, Ermənistan-Rusiya dəmir yolu, Rusiya hərbi bazası və təhlükəsizlik məsələləri və iki ölkə arasında münasibətlərin “inventarlaşdırılması”dır:

“Bunlar səfərin əsas müzakirə mövzuları olaraq iki ölkə arasında münasibətlərin yenidən koordinatlarını müəyyən edəcək və bu səbəbdən hesab edirəm ki, görüş böyük razılaşma ilə yox, qarşılıqlı kompromis paketi ilə nəticələnə bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər