“Bu gün möhtəşəm gün idi” – Federerin uğur fəlsəfəsi
“Qolden Steyt Uorriors”un baş məşqçisi Stiv Kerr məşhur isveçrəli tennisçi Rocer Federerin 2017-ci ildə komandaya uzunmüddətli uğurun sirri ilə bağlı verdiyi tövsiyədən danışıb.
TodayPress TV xəbər verir ki, Kerr bu hadisəni 2017-ci ildə “Uorriors”un Çində olduğu zaman baş verdiyini bildirib.
Həmin vaxt Şanxayda “Masters” seriyalı turnirdə iştirak edən Federer komandanın görüşünə dəvət olunub. Kerrin sözlərinə görə, komandanın liderlərindən Dreymond Qrin Federerdən uzun illər ərzində yüksək səviyyədə qalmağın və ilk “Böyük dəbilqə” titulundan 20 il sonra belə turnirlərdə qalib gəlməyin sirrini soruşub.
Komanda üzvləri Federerin “hamıdan çox çalışıram” kimi cavab verəcəyini gözləsələr də, tennisçinin cavabı fərqli olub.
Federer səhərlər uşaqları üçün səhər yeməyi hazırladığını, onları məktəbə apardığını, daha sonra təxminən iki saat məşq etdiyini bildirib. O, bədənini həddindən artıq yükləmədən lazımi işi görməyə imkan verən düzgün sistem qurduğunu vurğulayıb.
Tennisçi həmçinin həyat yoldaşı ilə nahar etdiyini, axşam birlikdə şam yeməyi hazırladıqlarını, uşaqların məktəbdən qayıtdıqdan sonra onların gününün necə keçdiyini soruşduqlarını və ailəsi ilə xoş vaxt keçirdiyini söyləyib.
Federerin sözlərinə görə, uşaqları yatızdırdıqdan sonra başını yastığa qoyur və “Bu gün möhtəşəm gün idi” düşüncəsi ilə yuxuya gedirdi. O bildirib ki, bunu 20 il ərzində hər gün edib.
Stiv Kerr hesab edir ki, Federerin uzunmüddətli uğurunun əsas düsturu məhz həyat və idman arasında düzgün balans yaratması olub.
“Bütün məsələ burada idi. Uzun müddət uğuru qorumağa imkan verən formula məhz budur. O, tennisini sevir, ailəsini sevir, həyatı sevir. Söhbət hamıdan çox çalışmaqdan, divara baş vurmaqdan və “ən yaxşı olacağam” düşüncəsindən getmir.
Təbii istedadın zəhmət, yaxşı ailə həyatı, ölçü hissi, daxili sakitlik və şüurluluq sayəsində üzə çıxmasına imkan vermək vacibdir. Burada əsas məsələ perspektiv, sevinc, ehtiras və şüurluluqdur. Bizim nə qədər şanslı olduğumuzu anlamaq lazımdır.
İmkanlarımızı maksimum dərəcədə reallaşdırmaq üçün gündəlik vərdişlərimiz, təcrübəmiz, sevgimiz və sevincimiz çox vacibdir”, – deyə Kerr bildirib.
Namiq HUN