“Qaraçı Kralı”ndan ultimatum: “Noyabrda rinqə çıxırsan, ya karyeranı bitirirsən?”

“Qaraçı Kralı”ndan ultimatum: “Noyabrda rinqə çıxırsan, ya karyeranı bitirirsən?”
07.09.2026 13:07 İdman

Ağır çəkidə ikiqat dünya çempionu, britaniyalı Tayson Fyuri həmyerlisi Entoni Coşua ilə planlaşdırılan döyüşünün baş tutmayacağını bəyan edib. 

TodayPress TV xəbər verir ki, “Qaraçı Kralı” ləqəbli boksçu bunun əvəzinə 2024-cü ildə xallar hesabı ilə iki dəfə məğlub olduğu ukraynalı Oleksandr Usiki rinqə dəvət edib.

Fyuri sosial şəbəkə hesabında paylaşdığı videoda Coşuanın döyüşdən çəkindiyini bildirib:

“Entoni Coşua yenə geri çəkildi. 11 ildən sonra o, bir daha cəsarətsizlik göstərdi. Bu addım məni yenidən Oleksandr Usiklə döyüşə sövq edir.

Oleksandr, sən onun məşqçisi və yol göstərənisən, onun mənəvi cəhətdən zəif olduğunu və “Qaraçı Kralı” ilə döyüşməyə heç vaxt cəsarət etməyəcəyini bilirsən. Lakin sən özün iki dəfə qarşıma çıxmaq cəsarətini göstərdin. Keçən dəfə hakimlər qələbəni sənə verdilər - ədalətli idi, afərin. Sənə uğurlar.

Gəl bunu bir dəfə də edək. Noyabr ayında təkrar döyüş keçirək. İndi top sənin tərəfinddədir. Bu il, 2026-cı ildə mənimlə döyüşmək istəyirsən, yoxsa karyeranı bitirirsən? Mənə xəbər ver, çünki artıq yeni rəqib axtarışındayam”.

Qeyd edək ki, Fyuri və Coşua arasında böyük döyüşlə bağlı danışıqlar bir neçə ay davam etsə də, Fyurinin sözlərinə görə, Coşua döyüşməkdən imtina edib. Coşuanın promouteri Eddi Hirn isə daha əvvəl bildirmişdi ki, razılaşma müştərisinin alacağı qonorardan asılıdır. Döyüşün keçiriləcəyi məkan kimi “Medison Skver Qarden” göstərilsə də, Coşuanın komandası “Uembli”yə üstünlük verirdi.

Xatırladaq ki, Fyuri və Usik 2024-cü ildə iki dəfə üz-üzə gəliblər: may ayında ukraynalı boksçu hakimlərin haçalanan qərarı ilə, dekabrda isə yekdil qərarla qalib gələrək WBA, WBO və WBC kəmərlərini qoruyub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər