Dünyanın ən sirli yəhudiləri: Ruhi Çenet yuvalarına girdi, hər şey açığa çıxdı...
Türkiyəli araşdırmacı bloger Ruhi Çenetin son özəl reportajından sonra Hasidik yəhudiləri çox populyarlaşdı və bu sual ortaya çıxdı:
Hasidik yəhudiləri İsrailə qarşı idilər, bəs niyə Ruhi Çenetin videosunda belə görünmürlər?
Əslində, məsələ heç də göründüyü kimi deyil, gəlin, araşdıraq...

Hasidik yəhudilər XVIII əsrdə Şərqi Avropada meydana çıxmış yəhudi hərəkatıdır. II Dünya müharibəsindən sonra əsasən ABŞ-yə və İsrailə köç etdilər. Bu gün dünya yəhudi əhalisinin 4 faizini təşkil edirlər.
Lakin hər dini icmada olduğu kimi, burada da illər ərzində xələf-sələf mübahisələri səbəbindən parçalanmalar baş verib. Nəticədə Hasidik yəhudilər arasında Satmar, Belz, Ger, Bobov, Habad-Lyubaviç kimi sülalələr formalaşıb. Bunların bir qismi İsrail dövlətini və onun mövcudluğunu dəstəkləyir. Məsələn, Ruhi Çenetin videosundakılar Habad-Lyubaviç sülaləsinə mənsubdurlar və onlar İsraili dəstəkləyirlər. İsrailin mövcudluğu və gələcəyi üçün daim dua edirlər.
Bəziləri isə, məsələn, Satmar sülaləsi, birbaşa İsrail dövlətinin mövcudluğuna qarşıdır. Niyə qarşıdırlar? Çünki İsrail dövlətini zamanı gələndə Tanrının ilahi şəkildə quracağını düşünürlər. Deyirlər:
“Biz yəhudilər vaxtilə Tanrının iradəsi ilə müqəddəs torpaqlardan ilahi şəkildə sürgün edilmişik, geri dönüşümüz də yenə insan əli ilə deyil, Tanrının iradəsi ilə, ilahi şəkildə olmalıdır. Bizim müqəddəs torpaqlardan sürgün edilməyimiz Tanrının təqdiri idi, ora qayıdışımız da yalnız Tanrının təqdiri ilə mümkün ola bilər”.
Lakin müqəddəs hesab etdikləri torpaqlarda yaşamağa qarşı deyillər, sadəcə, dövlətin olmamasını istəyirlər.

Eyni zamanda, bu dövlətə qarşı olanlar, yəni Hasidik yəhudilərin Satmar sülaləsi hərbi xidmət keçmək də istəmir. Bundan əlavə, yəhudilərin İsraildə keçirilən seçkilərdə səs verməsini də istəmirlər. Məsələn, 1956-cı ilə aid Hasidik plakatda yuxarıda “qadağandır”, aşağıda isə “səs vermək qadağandır” yazılmışdı.
“Qadın, kişi, hər kim olursa olsun, seçkilərdə iştirak etməsi qəti şəkildə qadağandır”.
Yəni onlar hesab edirlər ki, seçkilərdə iştirak etmək insan əli ilə qurulmuş İsrail dövlətini legitimləşdirmək deməkdir.
Hasidiklərin hərbi xidmətə getmək istəmədiyini dedik, Netanyahu hökuməti də “gedəcəksiniz” deyir. Buna görə də Satmar sülaləsi yaxınlarda “biz hərbi xidmətə getmək istəmirik” deyərək Netanyahu hökumətindən Trampa şikayət edib.
Dini icmalarla mərkəzi hakimiyyət arasında hərbi xidmət və resurslarla bağlı gərginlik yalnız bu icmaya xas deyil. Məsələn, Fateh Sultan Mehmet ilmiyyə sinfinin, yəni icmaların, şeyxlərin vəqf torpaqlarına hərbi resurs yaratmaq məqsədilə əl qoyur. İlmiyyə sinfi bunu bəyənmir. Buna görə də Fatehdən sonra müharibə tərəfdarı olan Cem Sultana deyil, daha mülayim II Bəyazidə dəstək verirlər. Nəticədə II Bəyazid taxta çıxır və ilmiyyə sinfinə atasının aldığı torpaqları geri qaytarır.

Bu icma-dövlət qarşıdurmalarından biri Qurtuluş müharibəsi zamanı Atatürklə bir sıra icma liderləri arasında da yaşanıb. Atatürk “Millət qan içində üzərkən, millətin övladları cəbhələrdə, ölkə daxilində canlarını fəda edərkən siz burada sağlam cavanları kökəltməklə məşğulsunuz” deyə qışqırır. Daha sonra isə “mütləq buna son qoyacağıq” deyir.
Yəni Hasidiklərin Satmar sülaləsi dini səbəblərlə İsrail dövlətinə və onun arxasında dayanan bu kimi detallara görə qarşı çıxır. Yəni bu, Fələstinlə savaşa görə deyil. Bir sözlə, hər zaman eyni düşmənə sahib olmaq, eyni davaya sahib olmaq demək deyil.
Qiymət Mahir