Prezident dəniz gücünü nümayiş etdirdi - Mesajlar nələrdir?

Prezident dəniz gücünü nümayiş etdirdi - Mesajlar nələrdir?
07.09.2026 14:22 Təhlil

Sentyabrın 6-da Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrinə səfəri zamanı Türkiyə ilə birgə hazırlanan SALVO silahlı və KAYRA kamikadze pilotsuz dəniz vasitələrinin təqdimatı Azərbaycanın hərbi-dəniz imkanlarının inkişafı baxımından diqqət çəkib. Yeni texnologiyaların Xəzərdə istifadəsi Bakı-Ankara müdafiə əməkdaşlığının dəniz istiqamətində də genişləndiyini göstərir.

Bəs Azərbaycanın Türkiyə ilə hərbi-dəniz sahəsində əməkdaşlığı Xəzərdə geosiyasi balans baxımından nə vəd edir?

Sözügedən mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova TodayPress TV-yə danışıb.


O qeyd edib ki, Azərbaycan dəniz təhlükəsizliyi sahəsində imkanlarını genişləndirərək hərbi-dəniz strategiyasında yeni mərhələyə keçir:

"Dünyanın yeni təhlükəsizlik arxitekturası formalaşır. Dövlətlər müxtəlif təhdidlərlə üz-üzədirlər. Bu baxımdan hava, dəniz və kosmosun təhlükəsizliyi də əsas istiqamətlərdən birinə çevrilib. Gəmilərin, limanların və dəniz infrastrukturunun təhlükəsizliyi həm böyük dövlətlərin, həm də orta güclərin qarşısında duran əsas məsələlərdəndir".

Analitik vurğulayıb ki, Azərbaycan orta güc statusunu dəniz təhlükəsizliyi sahəsində də möhkəmləndirir:

"Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrinə səfəri zamanı SALVO və KAYRA vasitələrinin təqdim edilməsi Azərbaycanın hərbi-dəniz strategiyasında yeni mərhələnin başladığını göstərir. Bu, sadəcə silah sisteminin əldə olunması deyil, Azərbaycanın Xəzərdə müdafiə və çəkindirmə imkanlarını müasir və çevik texnologiyalarla gücləndirməsidir".

Politoloq bildirib ki, Xəzərdə Rusiya və İranın hərbi-dəniz imkanlarının mövcudluğu fonunda Türkiyə ilə əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət daşıyır:

"Bu addımları hansısa dövlətə qarşı yönəlmiş kimi qiymətləndirməzdim. Azərbaycan öz təhlükəsizlik imkanlarını artırmaq üçün Türkiyənin texnoloji imkanlarından yararlanır. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı quru və hava ilə yanaşı, dəniz təhlükəsizliyi istiqamətində də genişlənir. Bu proses Azərbaycanın Xəzərdə mövqeyini və çəkisini gücləndirəcək".

Ekspert SALVO və KAYRA layihələrinin hərbi bloklaşmanın başlanğıcı kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.

Politoloq əlavə edib ki, Türkiyə ilə müdafiə sənayesi inteqrasiyasının dərinləşməsi Azərbaycanın Xəzərdə müstəqil və çevik qərar qəbul etmək imkanlarını artırmaqla yanaşı, çəkindirici aktor kimi mövqeyini də möhkəmləndirir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər