Cinayətkar vətəndaşlarımızı dünyanın hər yerində tutan qurum – İnterpolun 103 illiyi
1923-cü il 7 sentyabrda təsis olunan İnterpol bu gün dünyanın ən böyük beynəlxalq polis təşkilatıdır. Azərbaycan isə 4 noyabr 1992-ci ildən bu qurumun üzvüdür.
TodayPress TV xəbər verir ki, ölkəmizdə İnterpolun fəaliyyətini Daxili İşlər Nazirliyinin yanında fəaliyyət göstərən Milli Mərkəzi Büro həyata keçirir.
Son illərdə Azərbaycan hüquq-mühafizə orqanları İnterpol xətti ilə bir sıra uğurlu əməliyyatlar həyata keçirib. Əsas istiqamətlər narkotik vasitələrin qaçaqmalçılığı, dələduzluq, insan alveri və ağır cinayətlər törədərək xaricə qaçmış şəxslərin axtarışı olub.
Ən diqqətçəkən hadisələrdən biri 2026-cı ildə Qazaxıstandan Azərbaycana ekstradisiya edilən Tahir Əsgərovun işi olub. O, böyük miqdarda narkotik vasitənin qaçaqmalçılığında ittiham olunurdu. İnterpolun qırmızı bülleteni əsasında Qazaxıstanda saxlanılan şəxs sonradan ölkəmizə gətirilib.
Eyni ildə Birləşmiş Ərəb Əmirliklərindən də bir neçə şəxs ekstradisiya edilib. Onlardan biri dələduzluqda ittiham olunan Polad Babayev olub. O, vətəndaşlara əlillik pensiyası və iş vədi verərək pullarını ələ keçirməkdə suçlanırdı. Başqa bir hadisədə isə xuliqanlıq və ağır bədən xəsarəti yetirməkdə ittiham olunan Fərhad İsgəndərov da BƏƏ-dən gətirilib.
Serbiyadan da dələduzluqda ittiham olunan Səbuhi Məmmədov ekstradisiya edilib. Onun törətdiyi fırıldaq nəticəsində vətəndaşa 90 mindən çox manat ziyan vurulduğu bildirilib.
Monteneqroda isə xarici ölkələrdə magistratura proqramlarına qəbul vədi ilə 150 min avro mənimsəməkdə şübhəli bilinən Tuqay Hüseynov saxlanılıb və ölkəmizə gətirilməsi üçün razılıq əldə olunub.
İnsan alveri ilə bağlı da aktiv iş aparılır. 2024-2025-ci illərdə bu cinayət növü üzrə 30-a yaxın şəxs axtarışa verilib, onlardan bir qismi tutulub. Hazırda isə 10-11 nəfər hələ də İnterpol xətti ilə axtarılır. Onların əksəriyyətinin Türkiyə, Pakistan, Rusiya və digər ölkələrdə gizləndiyi ehtimal edilir.
Bundan əlavə, son illərdə Rusiyadan bir neçə ağır cinayətdə ittiham olunan şəxs də Azərbaycana təhvil verilib.
Azərbaycan İnterpolun imkanlarından aktiv istifadə edir. Narkotik, dələduzluq, insan alveri və digər transmilli cinayətlər üzrə beynəlxalq axtarış və ekstradisiya işləri davam etdirilir. Bu əməkdaşlıq nəticəsində bir çox cinayətkar ölkəyə qaytarılıb və məsuliyyətə cəlb olunub.
Türkan İsgəndərli