Putinin Bakıya sirli zəngi - Əliyevdən bunu istədi
“Əliyevlə Putin telefon danışığında iqtisadi-ticari və humanitar əməkdaşlığı müzakirə edib, ikitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılığa gəlib”.
TodayPress TV xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O qeyd edib ki, son dövrlərdə Bakı-Moskva xəttində təmasların artması ikitərəfli münasibətlərdə Rusiyadan qaynaqlanan problemləri müəyyən qədər arxa plana keçirib:
“Putinin Əliyevə indi zəng etməsinin iki mümkün səbəbi görünür.
Birincisi, Bişkekdəki söhbətin davam etdirilməsidir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek Zirvəsində Əliyevlə Putin ayaqüstü söhbət etmişdi. Mümkündür ki, həmin görüş zamanı ikitərəfli əlaqələrlə bağlı müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub və Putin indi birbaşa telefon zəngi ilə Bişkekdəki söhbəti genişləndirir.
İkincisi, bu zəngə Moskva-İrəvan xəttində baş verənlər fonunda baxmaq olar.
Ermənistanla münasibətlərdə yaranan gərginlik Moskvanın təkcə bu ölkədə deyil, bütövlükdə Cənubi Qafqazdakı mövqeləri üçün də risklər yaradır. Rusiya Azərbaycanla təmasları sıxlaşdırmaqla ikitərəfli münasibətləri sabit məcraya yönəltməyə və bölgədəki mövqeləri üçün yarana biləcək riskləri müəyyən qədər kompensasiya etməyə çalışır”.
Politoloqun qənaətincə, Moskva Ermənistanın iqtisadi məhdudiyyətlərdən çıxışının müəyyən dərəcədə Azərbaycandan asılı olduğunu anlayır:
- Bakı-İrəvan ticarət əlaqələrinin genişlənməsi hazırkı mərhələdə Ermənistan üçün müəyyən “nəfəslik” yarada bilər;
- Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və Avropa bazarlarına çıxış imkanları da Azərbaycanla yekun sülh sazişinin imzalanmasından asılı olacaq.
O bildirib ki, Moskvanın Cənubi Qafqaz siyasətini Bakı ilə yaxınlaşma xətti üzərindən davam etdirmək niyyəti var:
“Bu, Rusiya üçün bölgədə ABŞ ilə rəqabət imkanlarını tamamilə itirməmək, yaxud dəyişən regional güc balansı fonunda mövqelərini müəyyən qədər qorumaq baxımından əhəmiyyətlidir.
Lakin bu siyasət təkcə regional maraqlardan irəli gəlmir. Avrasiyada güc balansına ciddi təsir göstərən nəqliyyat dəhlizlərinə çıxış, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və Azərbaycan üzərindən Orta dəhlizdə iştirak da Moskva üçün mühüm əhəmiyyət daşıyır”.
Jalə Rövşən