Hemilton və Lekler arasında böyük gərginlik: Vassör son qərarını verməyə hazırlaşır!

Hemilton və Lekler arasında böyük gərginlik: Vassör son qərarını verməyə hazırlaşır!
07.09.2026 15:59 İdman

“Ferrari”nin rəhbəri Frederik Vassör İtaliya Qran-prisindən sonra komanda əmrlərinin tətbiq edilməsi imkanına baxıla biləcəyini bəyan edib. 

TodayPress TV “RacingNews365” nəşrinə istinadən xəbər verir ki, Şarl Leklerlə baş verən insidentdən sonra Lyuis Hemilton bu qərarın gecikdiyini düşünsə də, komanda rəhbərliyi məsələni müzakirə etməyə hazırdır.

Frederik Vassör ilk dövrədə baş verənləri qiymətləndirərək fikirlərini bölüşüb:

“Mən Lyuis ilə cəmi bir neçə saniyə danışdım, Şarl ilə isə ümumiyyətlə danışmağa vaxtımız olmadı, ona görə də ilk dövrəni ətraflı müzakirə edə bilməmişik. İlk iki döngənin yekunu, şübhəsiz ki, komanda üçün pis oldu. Komanda əmrlərinə gəlincə, düşünürəm ki, yaxşı müqayisə keçən il mövsümün bu mərhələsində Oskar Piastrinin “McLaren”də liderlik etməsi idi; əgər onlar hər şeyi onun üzərində qursaydılar, Maks Ferstappen çempion olardı. Lakin müəyyən bir məqamda qərar vermək lazımdır. Montsaya qədər bu qərar üçün tez olduğunu düşünürdüm. İndi isə sürücülərimizlə bu barədə danışmağa vaxtımız var”.

Qeyd edək ki, Montsadakı yarışın ilk dövrəsində Hemilton və Lekler birinci döngədə toqquşublar. Britaniyalı pilot daxili tərəfdən hücum etsə də, ikinci döngədən çıxışda çınqıllıq sahəyə sıxışdırılıb və 10-cu pilləyə geriləyib. Lekler isə növbəti dövrədə “Parabolika” döngəsindən çıxışda bolidini əzərək mübarizəni vaxtından əvvəl dayandırıb.

Nəticədə Hemilton yürüşü 6-cı yerdə başa vurub və çempionatın lideri Andrea Kimi Antonellidən 76 xal geri qalır. Lekler isə komanda yoldaşı Hemiltondan 36 xal geridədir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər