İqtisadçı KTN-in yeni sistemini TƏNQİD ETDİ: “Kiçik fermerlər kənarda qalır, ətin qiyməti...”

İqtisadçı KTN-in yeni sistemini TƏNQİD ETDİ: “Kiçik fermerlər kənarda qalır, ətin qiyməti...”
07.09.2026 15:14 Sosial

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq sektorunda tətbiq etdiyi yeni subsidiya şərtləri – istifadəsində azı 100 hektar örüş/otlaq sahəsi və 500 başdan çox xırdabuynuzlu heyvanı olan təsərrüfatlara 4 manat dəstəyin verilməsi qərarı ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli TodayPress TV-yə danışarkən bildirib ki, qoyulan tələblər xırda və orta təsərrüfatları kənarda saxlayır, ətin bazar qiymətinə isə ciddi təsir göstərməyəcək.


O, Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə istinad edərək təsərrüfatların acınacaqlı mənzərəsini diqqətə çatdırıb:

"Bu meyarların neçə kiçik və orta sahibkara uyğun gəldiyi barədə hazırda rəsmi şəkildə açıqlanmış konkret say yoxdur. Amma mövcud fermer strukturuna baxanda onların sayının çox böyük olmadığı qənaətinə gəlmək mümkündür. Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı siyahıyaalınması üzrə məlumatlarında xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının yalnız 0,7 faizində 500 və daha çox heyvan olduğu göstərilib. Bu, 100 hektar örüş və ya otlaq şərti nəzərə alınmadan belə, 500 baş həddinin kifayət qədər yüksək olduğunu göstərir. Üstəlik, 100 hektar örüş və otlaq sahəsi tələbi də əlavə filtrdir. Ona görə bu subsidiya mexanizminin əsas benefisiarları kiçik ailə təsərrüfatları deyil, nisbətən iri və kommersiya xarakterli heyvandarlıq təsərrüfatları olacaq".

İqtisadçı ayrılan məbləğin fermerin böyük xərcləri yanında çox cüzi qaldığını və piştaxtalardakı qiymətlərə təsir etməyəcəyini vurğulayıb:

"Bu mexanizmin ət qiymətinə təsiri birbaşa və böyük olmayacaq. Məsələn, 500 baş heyvanı olan təsərrüfat üçün 4 manatlıq subsidiya cəmi 2 min manat təşkil edir. Bu məbləğ iri təsərrüfatın yem, baytarlıq, əmək, su, nəqliyyat və digər xərcləri ilə müqayisədə çox böyük deyil. Buna görə subsidiyanın özü qoyun və keçi ətinin qiymətini nəzərəçarpacaq dərəcədə ucuzlaşdırmağa kifayət etməyəcək. Burada əsas risk odur ki, dövlət vəsaiti verilsin, amma ət bazarında istehlakçı bunu hiss etməsin. Çünki ətin son qiymətini yalnız fermerin xərci müəyyən etmir - heyvanın alışı, yem, kəsim, baytarlıq, daşınma, topdansatış və pərakəndə ticarət marjaları da qiymətə daxil olur".

Mərkəz sədri sonda kiçik və orta fermerlərin sistemdən kənarda qalmasının sektorun ümumi inkişafına əngəl olacağını bildirərək xəbərdarlıq edib:

"Məncə, daha ciddi məsələ subsidiya sisteminin kiçik və orta fermerlərin böyük hissəsini əhatə etməməsidir. Əgər məqsəd həm xırdabuynuzlu heyvandarlığı inkişaf etdirmək, həm də ət istehsalını artırmaqdırsa, yalnız 100 hektar və 500 baş həddini keçən təsərrüfatlara deyil, daha kiçik təsərrüfatlara da ölçüsünə uyğun dəstək mexanizmləri yaradılmalıdır. Əks halda bu qərarın ümumi heyvandarlıq sektoruna təsiri məhdud qalacaq", - deyə A.Nəsirli fikrini tamamlayıb.

Qeyd edək ki, bu subsidiyaya müraciət edən təsərrüfatların istifadələrinə verilmiş örüş və otlardakı vəziyyət Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə olunmaqla monitorinq ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər