Din xadimləri “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Azərbaycana səfər etdi
Milli-mənəvi dəyərlərimizin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə sentyabrın 6-da Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
TodayPress TV xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilir.
Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
Səfər proqramının ilk mərhələsində qonaqlar Bakıda Azərbaycanın milli-mənəvi və dini irsini əks etdirən məkanları ziyarət edəcəklər. Nümayəndə heyətinin Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı və Zəfər muzeyi, Türk Şəhidliyi abidəsi, Heydər məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi ilə tanışlığı nəzərdə tutulur.
Din xadimləri, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda olacaqlar. Görüş zamanı dini-mənəvi dəyərlərin qorunması, milli kimliyin və həmrəyliyin gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, eləcə də Azərbaycanın tarixi, mədəni və dini irsinin təbliği ilə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfərin növbəti günlərində nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər edəcək. Qonaqlar Şuşa, Xankəndi və Ağdam şəhərlərində yerləşən tarixi-dini abidələr, qədim ibadətgahlar və digər mədəni irs nümunələri ilə tanış olacaqlar.
“Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunan səfər sentyabrın 10-da yekunlaşacaq.