“Yetim” deyə müraciət edən, "Niva" və "Priora" sürən gənclər — Yeni küçə tərzi necə formalaşıb?

“Yetim” deyə müraciət edən, "Niva" və "Priora" sürən gənclər — Yeni küçə tərzi necə formalaşıb?
25.09.2026 17:06 Sosial

Son vaxtlar Azərbaycan şəhərlərində, xüsusilə də Bakıda gənc oğlanlar arasında müəyyən xarici görünüş, davranış və gündəlik vərdişlərin bir-birinə son dərəcə bənzədiyi müşahidə olunur. Bu üslub artıq təkcə geyimlə məhdudlaşmır — saç düzümündən saqqal formasına, dinlənilən musiqidən avtomobil seçiminə qədər özünəməxsus bir “küçə mədəniyyəti” formalaşdırır.

TodayPress TV xəbər verir ki, müşahidələrə əsasən, bu tip gənclərin geyim tərzi bir-birinə çox oxşayır.

"Molla Nəsrəddin" səhifəsinin qeydlərinə görə, adətən rahat və idman üslublu geyimlərə üstünlük verilir. Saqqal isə demək olar ki, dəyişməz atributlardan biridir: yanaqlar, bığın üst hissəsi və boyun səliqəli şəkildə qırxılır, saqqal isə müəyyən sərhədlərlə saxlanılır.

Onları fərqləndirən digər məqamlardan biri musiqi zövqüdür. Meyxana, mərsiyə üslubunda ifalar və son illərdə sosial şəbəkələrdə populyarlaşan müxtəlif İran və farsdilli musiqi nümunələri bu çevrədə daha çox dinlənilən janrlar sırasında göstərilir.

Sosial media da bu həyat tərzinin mühüm hissəsidir. "Instagram" və "TikTok"-da uzun müddət vaxt keçirilməsi, əsasən vaynerlərin, müxtəlif əyləncə səhifələrinin və çoxsaylı izləyicisi olan şəxslərin paylaşımlarının izlənilməsi bu qrup üçün xarakterik davranışlardan biri kimi diqqət çəkir.

Geyim və görünüşlə yanaşı, gündəlik istifadə olunan əşyalar da müəyyən oxşarlıq yaradır. Məsələn, uzun, qara pulqabı, müxtəlif endirim kartları və xırda pulların bir yerdə saxlanılması, pulqabının arxa cibdə daşınması və çayxanada masanın üzərinə qoyulması tez-tez rast gəlinən mənzərələrdəndir.

Bəzi hallarda cibdə kiçik flakonlarda yağ və ətir gəzdirmək də bu üslubun bir hissəsi kimi görünür.

Bu gənclərin sosial davranışlarında da müəyyən oxşarlıqlar müşahidə edilir. Onlar çox vaxt tək deyil, üç və daha çox nəfərdən ibarət qruplarla hərəkət edir, eyni və ya oxşar üslubda geyinirlər. Danışıq zamanı isə bir-birlərinə “yetim” müraciətindən geniş istifadə etdikləri nəzərə çarpır.

Yerimə tərzində belə müəyyən oxşarlıqlar diqqət çəkir: bəziləri qollarını aralı yelləyərək, bəziləri isə əllərini cibində saxlayaraq, çiyinlərini bir qədər önə verib ayaqlarını aralı vəziyyətdə yeriyirlər.

Avtomobil seçimi də ayrıca diqqət çəkən məqamdır. Bu çevrəyə aid edilən gənclərin avtomobili olanları arasında “Niva” və “Priora” kimi modellərə rast gəlmək mümkündür. Avtomobillərdə isə siqnal, gücləndirici, kolonka, maqnitofon, müxtəlif rəngli işıqlar və digər əlavə avadanlıqların quraşdırılmasına xüsusi maraq göstərənlər var.

Bəzi hallarda onların cibində çoxsaylı açarlardan ibarət dəstə də görmək mümkündür. Maraqlıdır ki, həmin şəxslərin bir çoxunun sabit iş yeri və ya biznes fəaliyyəti olmadığı halda, bu qədər açarın hansı qapılara aid olduğu kənardan baxanlar üçün sual doğurur.

Bütün bunlara daha bir detal əlavə olunur: enerji içkiləri. Gün ərzində bu içkilərdən istifadə edən və küçədə, dayanacaqda və ya dostları ilə söhbət zamanı əlində enerji içkisi olan gənclərə tez-tez rast gəlmək mümkündür.

Əslində, burada söhbət rəsmi şəkildə müəyyənləşdirilmiş konkret bir “gənc tipi”ndən getmir. Daha çox sosial şəbəkələrin, küçə mədəniyyətinin, musiqi zövqünün, geyim dəbinin və dost çevrəsinin təsiri ilə formalaşan oxşar davranış və görünüşlərdən gedir.

Bu oxşarlığın nə dərəcədə geniş yayıldığı, hansı sosial və mədəni səbəblərdən meydana gəldiyi və zamanla ayrıca bir subkulturaya çevrilib-çevrilməyəcəyi isə daha geniş sosial araşdırma tələb edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər