Pul verib bu təhlükəyə minirsiniz: Kruizdə ən riskli yer
Kruiz gəmilərində istirahət üçün nəzərdə tutulan hidromasaj vannaları sağlamlıq üçün risk yarada bilər.
TodayPress TV xəbər verir ki, “Islands” nəşrinin məlumatına görə, isti su, çoxsaylı istifadəçilər və gigiyena qaydalarına hər zaman lazımi səviyyədə əməl olunmaması belə vannalarda bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Mikrobioloq Ceyson Tetro kruiz gəmilərindəki cakuzi vannalarını “üçölçülü Petri kasası” ilə müqayisə edib. Onun sözlərinə görə, hər gün çox sayda insanın istifadə etdiyi bu məkanlarda gigiyena məsələsinə xüsusi diqqət yetirilməlidir.
Ekspert xüsusilə premium kabinlərdə yerləşən şəxsi cakuzilərə diqqət çəkib. Belə vannaların daha az insan tərəfindən istifadə edilməsi səbəbindən onların dezinfeksiyasına nəzarətin bəzi hallarda daha zəif ola biləcəyi bildirilir.
Əsas risklərdən biri Legionella bakteriyasıdır. Bu bakteriya “legioner xəstəliyi” kimi tanınan və pnevmoniyaya səbəb ola bilən infeksiyaya yol aça bilər. Yaşlı insanlar, immun sistemi zəif olanlar və xroniki ağciyər xəstəlikləri olan şəxslər xəstəliyin ağır formasına daha çox məruz qala bilər.
Nəşrdə kruiz şirkətində çalışarkən bir neçə legionella hadisəsinin şahidi olduğunu bildirən müəllif şəxsi cakuzilərin də infeksiya mənbəyi olduğu halların qeydə alındığını qeyd edib.
Belə hal aşkarlandıqda gəmi heyəti su nümunələri götürür, digər hidromasaj vannalarını da yoxlayır. Bakteriya aşkar edilən qurğu boşaldılaraq xüsusi dezinfeksiya vasitəsi ilə təmizlənir və növbəti bir-iki gün ərzində suyun vəziyyəti davamlı şəkildə yoxlanılır.
Mütəxəssislər bu cür halların nadir olduğunu bildirsələr də, legionella aşkarlandıqda məsələyə dərhal müdaxilə edilməsinin vacibliyini vurğulayırlar.
Beləliklə, kruiz gəmisində lüks xidmət kimi təqdim olunan şəxsi cakuzi belə düzgün qulluq edilmədikdə sağlamlıq üçün risk mənbəyinə çevrilə bilər.
Kübra Musayeva