Türkiyə hərbi müdaxiləyə hazırlaşır? - AÇIQLAMA

Türkiyə hərbi müdaxiləyə hazırlaşır? - AÇIQLAMA
29.09.2026 14:18 Təhlil

Xarici KİV-lərin iddialarına görə, Türkiyə Yəmənin Mərib bölgəsində hökumət qüvvələrinə hərbi texnika göndərib.

Məlumata görə, Türkiyə istehsalı nəqliyyat vasitələri, zirehli maşınlar və tanklar Yəmən Ordusuna təhvil verilib. Həmçinin Türkiyə hərbçilərinin də Məribə gəldiyi iddia olunur. Bildirilir ki, sözügedən dəstək Yəmən hökumət qüvvələrinin husilərə qarşı mübarizəsində əhəmiyyətli hərbi yardım hesab olunur.

Sual yaranır ki, Türkiyənin bu münaqişəyə açıq qoşulma ehtimalı nə qədərdir ?

Sözügedən məsələ ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışıb.

O bildirib ki, Türkiyənin Yəmən münaqişəsinə birbaşa hərbi müdaxilə ehtimalını qiymətləndirərkən son hadisələrə daha geniş regional kontekstdən baxmaq lazımdır:

"Ankara artıq Yəməndə baş verənlərə əvvəlki dövrlərlə müqayisədə daha çox təhlükəsizlik məsələsi kimi yanaşır. Bunun əsas səbəblərindən biri husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının intensivləşməsi və bunun nəticəsində Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin praktiki əhəmiyyət qazanmasıdır. Məlumdur ki, sazişə əsasən tərəflərdən birinə silahlı hücum digər tərəflərə də hücum kimi qiymətləndirilir.

Məhz bu səbəbdən Türkiyənin Yəmən hökumət qüvvələrinə hərbi-texniki dəstək verməsi ehtimalı Ankara üçün tamamilə yeni istiqamət deyil. Türkiyənin xarici işlər naziri Hakan Fidan artıq Səudiyyə Ərəbistanının hərbi ehtiyaclarının, xüsusilə texniki sahələrdə, qarşılanmasına hazır olduqlarını bildirib. Türkiyənin hava hücumundan müdafiə, radar, pilotsuz sistemlər, elektron müharibə və kəşfiyyat imkanları ilə dəstək verməsi barədə də müzakirələr aparılır".

Analitik qeyd edib ki, hərbi-texniki yardım ilə Yəmən müharibəsinə birbaşa qoşulmaq arasında ciddi fərq var:

"Ankara üçün bu, daha böyük siyasi və hərbi risklər yaradır. Türkiyə bir tərəfdən Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstək vermək, digər tərəfdən isə İranla qarşıdurmanı daha geniş regional müharibəyə çevirməmək istəyir. Üstəlik, Yəmən kimi mürəkkəb və çoxaktorlu münaqişədə türk hərbçilərinin döyüş əməliyyatlarına cəlb olunması Türkiyənin üzərinə uzunmüddətli hərbi öhdəlik qoya bilər.

Odur ki, Türkiyə üçün məhdud və mərhələli iştirak modeli daha uyğun görünür. Yəni texnika, kəşfiyyat, təlim, hava hücumundan müdafiə və logistika sahəsində dəstək birbaşa döyüş əməliyyatlarından daha real variantdır. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın hərbi rəhbərlərinin sentyabrın 25-də keçirdiyi görüşdə də əsas diqqət kəşfiyyat mübadiləsi, hərbi koordinasiya və imkanların inteqrasiyasına yönəlib".

Müsahibimiz digər tərəfdən, Məribin strateji əhəmiyyətinin xeyli yüksək olduğunu bildirib:

"Son həftələrdə hökumət qüvvələri ilə husilər arasında burada döyüşlər intensivləşib və Mərib Yəmənin enerji resursları ilə hökumət qüvvələrinin əsas dayaqlarından biri olaraq qalır.

Odur ki, Türkiyənin Yəmənə müəyyən səviyyədə hərbi dəstək verməsi ehtimalını birbaşa müdaxilə ehtimalından ayırmaq lazımdır. Ankara üçün hazırkı mərhələdə daha real xətt Səudiyyə Ərəbistanını və Yəmən hökumət qüvvələrini texniki və müdafiə imkanları ilə gücləndirməkdir. Türkiyə hərbçilərinin genişmiqyaslı döyüş əməliyyatlarına daxil olması isə daha yüksək hədd və daha ciddi siyasi qərar tələb edərdi".

Yusif Bağırzadə düşünür ki, əgər husilərin hücumları Səudiyyə Ərəbistanının ərazisinə və strateji infrastrukturuna qarşı daha da genişlənərsə, Türkiyənin iştirakı da arta bilər:

"Hazırkı mərhələdə mövcud faktlar Ankaranın Yəmən müharibəsinə tammiqyaslı şəkildə qoşulmasından çox, regional təhlükəsizlik sistemində öz rolunu tədricən genişləndirdiyini göstərir".

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər