“Ovuclarını yalamalı olacaqlar” - Afinanın Ankaraya qarşı şok planı sızdı

“Ovuclarını yalamalı olacaqlar” - Afinanın Ankaraya qarşı şok planı sızdı
28.09.2026 18:05 Təhlil

Yunanıstan mediasında Türkiyəyə qarşı mümkün hərbi qarşıdurma halında qabaqlayıcı zərbə ssenarisi gündəmə gətirilib. Bu haqda “Ta Nea” qəzeti yazıb. Ssenaridə Türkiyənin hərbi hazırlıqlarının izlənməsindən başlayaraq hava bazaları və desant qüvvələrinə zərbələr endirilməsinə qədər bir neçə mərhələ təsvir olunur. Məqalədə belə bir əməliyyatın müharibənin ilk saatlarında hərbi üstünlük yaratmağa hesablandığı iddia edilir.

Maraqlıdır, Yunanıstanın məqsədi nədir? Yaxın vaxtda hansısa atak gözlənilirmi?

Sözügedən məsələ ilə bağlı politoloq Natiq Miri TodayPress TV-yə danışıb.

O qeyd edib ki, bu cür planlar qəzetdə dərc oluna bilər, hətta nəzəri olaraq müəyyən sızmaların, o cümlədən mediaya məlumat ötürülməsinin baş verməsi də mümkündür. Ancaq praktik baxımdan bunlar Yunanıstanın imkanlarını aşan məsələlərdir:

“Çünki Türkiyə bu gün hərbi-sənaye kompleksi baxımından elə bir səviyyəyə çatıb ki, dünyanın ən aparıcı ölkələri belə onun imkanlarına təəccüblənir. Ona görə də Türkiyəyə hücum etmək, demək olar ki, özünü intihara bərabər addım olardı.

Məsələn, deyək ki, 4-5 ildən sonra Yunanıstanla İsrail arasında bağlanan müqaviləyə əsasən müəyyən hava hücumundan müdafiə sistemləri İsraildən Yunanıstana veriləcək. Ancaq bunu həyata keçirənlər və təbliğ edənlər nəzərə almırlar ki, Türkiyə bu günün özündə belə qısa müddət ərzində Yunanıstanın hərbi imkanlarını iflic edə və sıradan çıxara biləcək səviyyədə texnologiyaya və hərbi gücə malikdir”.

O vurğulayıb ki, müxtəlif səviyyəli dronları, hava hücumundan müdafiə sistemlərini, elektron müharibə və radioelektron mübarizə vasitələrini, qırıcı təyyarələri, o cümlədən “Qızılalma” kimi sürətli pilotsuz döyüş aparatlarını və bunlarla birlikdə çoxfunksiyalı hücum imkanlarına malik digər sistemləri nəzərə alsaq, ortaya kifayət qədər böyük hərbi potensial çıxır:

“Təsəvvür edin ki, eyni anda minlərlə, hətta on minlərlə kiçik və böyük pilotsuz uçuş aparatı havaya qalxır və müxtəlif istiqamətlərdən hücumlar həyata keçirir. Belə bir hücum qarşısında istənilən dövlətin uzun müddət davam gətirməsi ciddi sual doğurur.

Üstəlik, bir neçə ildən sonra İsraildən alınması nəzərdə tutulan hava və raketdən müdafiə sistemlərinin də effektivliyi ayrıca sual doğurur. Çünki həmin sistemlər Yunanıstana təhvil verilənə qədər Türkiyənin hərbi imkanlarının daha da inkişaf edəcəyi ehtimal olunur. Bu halda Yunanıstanın milyardlarla dollar xərcləyəcəyi hava və raketdən müdafiə sistemləri gözlənilən effektivliyi verməyə bilər. Görünür, bu cür müqavilələr bağlanarkən həmin amillər də nəzərə alınmalıdır”.

Analitik deyib ki, Türkiyə hər ay, hər həftə öz inventarına müxtəlif səviyyəli və fərqli funksiyalara malik müasir silah sistemləri daxil edir:

“Əmin olun ki, bu barədə ictimaiyyətə açıqlanan məlumatlar da mövcud imkanların yalnız kiçik bir hissəsidir. Yəni Türkiyə açıqlanmayan layihələr və imkanlar hesabına da hərbi gücünü artırır. Bu baxımdan, Yunanıstanın Türkiyəyə qarşı hazırladığı dörd mərhələli hücum əməliyyatı, məncə, yalnız kağız üzərində qala bilər.

Əgər daha artığını istəyirlərsə, düşünürəm ki, ovuclarını yalamalı olacaqlar. Yunanıstanda bütün ciddi şəxslər, o cümlədən hərbçilər, siyasətçilər və jurnalistlər bunu çox yaxşı bilir və anlayırlar. Ona görə də Yunanıstanın Türkiyə ilə birbaşa qarşı-qarşıya gəlmək imkanının olmadığı qənaətindəyəm”.

Jalə Rövşən

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər